Azərbaycanla Mərakeş arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 30-da Milli Məclisin Gənclər və idman komitəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Görüşdə komitə sədri Şahin İsmayılov Azərbaycanla Mərakeş arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini söyləyib, parlamentlər səviyyəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolundan söhbət açıb.
Şahin İsmayılov gənclərlə iş və idman sahəsinin dövlətimizin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizdə bu sahədə müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini qeyd edib. Azərbaycan gənclərinin ictimai-siyasi həyatda, mədəniyyət, sosial, humanitar sahələrdə fəal iştirak etdiklərini deyib.
Söhbət zamanı Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, Tematik Qrup Sədrinin müavini Hasan Umribt ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın rifahına xidmət etdiyini, parlamentlərin dostluq əlaqələrinin daha da möhkəmləndiyini söyləyib. Qonaq Mərakeşdə gənclər siyasəti və idman sahəsində əldə edilən nailiyyətlərdən, təşkil olunan idman yarışlarından geniş söhbət açıb.
Görüşdə iştirak edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Müşfiq Cəfərov, Səbinə Xasayeva, Mahir Süleymanlı, Mərakeş Krallığının parlament nümayəndə heyətinin üzvləri Turia Afife, Fatima Yasin, Yussef Çirri, El Ayaçi El Farfar, Xadduj Slassi ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin gücləndirilməsi, gənclər və idman, təhsil sahələrində əməkdaşlıq barədə fikirlərini açıqlayıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi