Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Sədrin səfərləri
01 iyul 2025 | 17:19   

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Xivə şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüşdə bu forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə olunub. Qeyd olunub ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər qanunverici orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, qeyd edilib ki, bu əlaqələr xalqlarımız arasında oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir. Parlament sədrləri əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolunu xüsusi vurğulayaraq, qeyd ediblər ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub. İki ölkənin prezidentlərinin mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini təmin edib və bu gün ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Görüşdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri Sahibə Qafarova özünün Özbəkistan Ali Məclisi Senatının sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, deyib ki, bu cür görüşlər, həmçinin, deputatlarımız və dostluq qrupları arasında təmaslar əlaqələrə töhfə verir.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Forumun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, bu tədbirin keçirilməsini qanunverici orqanlarımız arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisi kimi qiymətləndirib.

Vurğulanıb ki, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş"in, habelə parlamentlərarası əməkdaşlığın inkişafına dair "Yol xəritəsi"nin imzalanması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına verdiyi önəmin bariz göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU