Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Plenar iclaslar
14 iyul 2025 | 17:24   

 

İyulun 14-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümü tamam olur. Bu əlamətdar gündə biz Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq.

Spiker bildirib ki, Azərbaycan tarixinin otuz beş ilə yaxın dövrü ərzində xalqımızın siyasi təkamülü, iqtisadi tərəqqisi və mənəvi yüksəlişi dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə qırılmaz surətdə bağlı olub. Müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Heydər Əliyevin müstəsna liderlik keyfiyyətləri, yaradıcılıq enerjisi və strateji təfəkkürü sayəsində xalqımız hələ sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilib.

Spiker qeyd edib ki, Ümummilli Liderimizin başladığı tarixi missiyanı bu gün  Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev davam etdirir. Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətə çevrilib.

O, deyib ki, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açıb. 

Milli Məclisin sədri çıxışının sonunda bildirib ki, bu gün işğaldan azad olmuş  torpaqlarda geniş miqyaslı bərpa-quruculuq işləri davam etdirilir, müstəqil və demokratik Azərbaycanın dünyaya nümunə ola bilən Böyük qayıdış layihəsi mərhələ-mərhələ həyata keçirilir. İnamla söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasəti Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də böyük uğurlar gətirəcəkdir. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb, komitə sədrləri Hicran Hüseynova, Fazil Mustafa, Zahid Oruc, deputatlar Tural Gəncəliyev, Rəşad Mahmudov, Fariz İsmayılzadə, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Bəhruz Məhərrəmov çıxış ediblər.

Deputatlar Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin xalqımızın taleyində misilsiz rolunu vurğulayıblar. Ümummilli Liderin rəhbərliyi ilə ölkədə əldə edilən nailiyyətlərdən, onun xalq, Vətən yolunda etdiyi fədakarlıqlardan, göstərdiyi xidmətlərdən söhbət açıblar. Bildirilib ki, həmin dövrdə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, o cümlədən sənaye sektoru inkişaf edib, bir çox zavod və fabriklər istifadəyə verilib, insanların rifah halı yaxşılaşıb, təhsil, mədəni, sosial sahələrdə uğurlar qazanılıb, dövlətimiz qısa zaman kəsiyində İttifaq miqyasında iqtisadi baxımdan güclü respublikalar sırasına daxil olub. Bununla yanaşı, Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsi və bunun Konstitusiyada təsbit olunması ilə bağlı xidmətləri xüsusi qeyd olunub. Eyni zamanda, məhz Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi məktəbin Vətənimizin bütövlüyü uğrunda mübarizədə qazanılmış Qələbədə strateji əhəmiyyətindən bəhs edilib.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu hərtərəfli inkişaf yolunun bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş diplomatik xidmət orqanları əməkdaşlarının bugünlərdə peşə bayramının qeyd olunduğu, onun bu sahədəki siyasi kursunu Prezident İlham Əliyevin  milli maraqlara əsaslanaraq müvəffəqiyyətlə davam etdirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsində diplomatiya sahəsində mühüm uğurlar əldə edilib, ölkəmizin beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndirilib. Vurğulanıb ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən önəmli beynəlxalq tədbirlər, bir çox dövlət başçılarının Azərbaycana səfərləri çərçivəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, çoxtərəfli platformalarda iştirakı, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri ilə əlaqədar aparılan müzakirələr, imzalanan razılaşmalar diplomatik münasibətlərin dərinləşməsinin, dövlətimizin regionda sülh, sabitlik və əməkdaşlıq mərkəzinə çevrildiyinin bariz nümunəsidir.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 13 məsələnin daxil edildiyini və ilk  11 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsində  ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə dəyişikliyin nəzərdə tutulduğunu bildirib. Komitə sədri sənədə dair əlavə təklif və rəyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Sənəddə ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilməsinin  məqsədəmüvafiq olduğu bildirilib. 

Deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, layihə ilə bağlı birinci və ikinci oxunuş zamanı ətraflı məlumatın təqdim edildiyini, komitəyə hər hansı qeyd və təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə nəzərdə tutulan dəyişiklikdə gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi ehtiva olunub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, məsələ barədə birinci və ikinci oxunuşdan sonra hər hansı təklifin daxil olmadığını, komitənin müsbət rəy verdiyini söyləyib və onun səsə qoyulmasını xahiş edib.

Sənəddə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrin sırasına  məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri birinci və ikinci oxunuşlar zamanı layihə barədə deputatların müsbət münasibət bildirdiyini, əlavə təklifin daxil olmadığını söyləyib və onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsində təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə müvafiq dəyişikliklər nəzərdə tutulub.

Sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov, Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov təmsil etdikləri komitələrin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumatı nəzərə çatdırıb. Millət vəkili birinci və ikinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini, komitənin rəyinin müsbət olduğunu deyib və bunun nəzərə alınmasını xahiş edib.

Layihədə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklərin, o cümlədən "uzunmüddətli dövr" ifadəsinin, "dividend" anlayışının əlavə olunması, habelə məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi, borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi, vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi ilə bağlı və digər düzəlişlər təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Vüqar Bayramov “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin üçüncü oxunuşda təmsil etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edildiyini və dəstəkləndiyini bildirib və bunun nəzərə alınmasını xahiş edib.

Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında bu ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, əvvəlki iki oxunuş zamanı məsələyə dair geniş məlumat verildiyini, bəzi təkliflərin irəli sürüldüyünü və onların gələcəkdə nəzərə alınacağını deyib, layihənin üçüncü oxunuş üçün hazır olduğunu söyləyib  və səsə qoyulmasını  xahiş edib.

 Sənəddə xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir, saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir, Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu təsbit olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri bildirib ki, növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, bu məsələnin parlamentdə geniş müzakirə edildiyini, səsləndirilən təklif və suallara münasibət bildirildiyini söyləyib.

Qanun layihəsi xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir. Layihəyə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunur. Sənəddə xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsasları, fəaliyyət prinsipləri, habelə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələrinə dair müddəalar öz əksini tapıb.

Növbəti məsələni – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edən komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, bu layihə "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb və sənəddə sözügedən normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin bu layihə barədə müsbət rəylərini diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb. O, məsələ barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini deyərək, dəyişikliklərin hərracların həyata keçirilməsinin daha səmərəli üsulları ilə bağlı olduğunu qeyd edib.

Qanun layihəsi icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda komitə sədri Əli Hüseynli, həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, layihə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qanunvericiliyin yeni tələblərini özündə ehtiva edir.

Sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova son 2 məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən söhbət açıb. O, layihənin komitədə müzakirə olunduğunu, sənəddə uyğunlaşdırma məqsədilə bəzi dəyişikliklərin edildiyini deyib və onun  dəstəklənməsini xahiş edib.

Layihədə qanuna əlavə edilməsi nəzərdə tutulan yeni 9.2-1-ci maddəyə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Digər dəyişiklikdə isə qeyd olunur ki, bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Elçin Mirzəbəyli, Bəhruz Məhərrəmov, Vasif Qafarov çıxış edərək, bəzi fikir və qeydlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.

Bildirilib ki, layihə qanunvericiliyin normalarının dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli  fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi" Qaydaları təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib. Bunu nəzərə alaraq, qanun layihəsinə müvafiq dəyişikliklər təklif olunur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asif Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb.

Deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev məsələyə dair öz fikirlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra deputatlar Sahib Alıyev, Aqil Abbasov çıxış edərək bəzi aktual məsələlər barədə fikirlərini bölüşüblər. Millət vəkilləri Bakı Təşəbbüs Qrupunun dekolonizasiya yönündə ardıcıl fəaliyyəti nəticəsində Yeni Kaledoniyanın müstəqillik qazanma şansının əldə edilməsi – növbəti ildə keçirilməsi nəzərdə tutulan referendumda Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya dövlətinin yaradılması mümkünlüyü barədə söhbət açıblar. Bununla yanaşı, Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşdırılması prosesinin uğurla həyata keçirildiyi, məskunlaşma ilə bağlı davamlı olaraq müraciətlərin daxil olduğu vurğulanıb.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı.

Spiker növbədənkənar sessiyanın yekunları barədə danışaraq qeyd edib ki, bu dövrdə, yəni iyunun 3-dən indiyədək Milli Məclisin 7 iclası keçirilib. 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub. 5 beynəlxalq müqavilə və konvensiya təsdiq edilib.

Spiker bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə 2 ictimai dinləmə keçirilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyunun 4-də təşkil etdiyi dinləmədə “İstilik təchizatı haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb.

İyulun 7-də Mədəniyyət komitəsində keçirilən dinləmə isə “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusuna həsr edilib.

O, qeyd edib ki, hər iki dinləmədə Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, icra orqanlarının rəhbər vəzifəli şəxsləri, elm və təhsil işçiləri, yaradıcılıq birliklərinin nümayəndələri də fəal iştirak ediblər.

Sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.

Milli Məclisin 19 deputatı 11 xarici ölkəyə 24 səfər həyata keçirib. Deputatlarımız 7 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər.

18 xarici ölkənin və 6 beynəlxalq təşkilatın 30 nümayəndə heyəti, ümumən 144 nəfər xarici qonaq Milli Məclisdə olub. 

Milli Məclisin ev sahibliyi ilə Bakıda böyük bir beynəlxalq tədbir - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası təşkil edilib.  Tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın  115 nəfərə qədər təmsilçisi iştirak edib. 

Milli Məclisin sədri Azərbaycanda səfərdə olan 3 ölkənin parlament sədrləri və 9 ölkənin ombudsmanları ilə görüşlər keçirib.

Milli Məclis sədrinin 3 ölkəyə işgüzar səfərləri olub.

O cümlədən Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 12-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclasında, iyulun 1-də isə Özbəkistanın Xivə şəhərində Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak edib.

Spiker bildirib ki, Milli Məclisin sədri iyulun 10-da və 11-də Bosniya və Herseqovinada işgüzar səfərdə olub. Səfərdə məqsəd Srebrenitsa qurbanlarının anım mərasimində iştirak etmək idi.

Hesabat dövründə Milli Məclisin sədri iki ölkənin – Pakistan və Belçikanın Azərbaycandakı səfirləri ilə də görüşüb.

Çıxışına yekun vuran Milli Məclisin sədri diqqətə çatdırıb ki, Milli Məclis növbədənkənar sessiyasını uğurla başa çatdırır. O, səmərəli iş üçün deputatlara təşəkkür edib və növbədənkənar sessiyanı bağlı elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU