Milli Məclisin sədri Sahibə Qafarova Fələstin Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
03 sentyabr 2025 | 16:14   

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Söhbət zamanı  xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Görüşdə həmçinin parlamentlərarası münasibətlər, o cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunvericilik orqanlarımız xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU