Milli Məclisin sədri Sahibə Qafarova Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
23 sentyabr 2025 | 14:49   

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edən spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, o, səfir kimi gələcək fəaliyyətində ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcək.

Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin zəngin tarixə malik olduğu qeyd edilərək, hazırda Azərbaycan və Polşa arasında siyasi və iqtisadi sahədə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Həmçinin ali və yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafında mühüm rolu vurğulanıb.

Görüşdə əlaqələrin inkişafında parlamentlər arasında münasibətlərin müsbət rolu, bu istiqamətdə təmasların vacibliyi qeyd olunub. Tərəflər qarşılıqlı səfərlərin, o cümlədən, dostluq qruplarının fəaliyyətinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini ifadə ediblər.

Səfir Pavel Radomski ölkəmizin və paytaxt Bakının inkişafı ilə bağlı müsbət fikirlərini ifadə edib. O, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, orada aparılan genişmiqyaslı quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU