Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb

Sədrin görüşləri
23 sentyabr 2025 | 18:03   

Sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri bu tədbirin prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsinə və ümumi çağırışların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə edib. 

Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.

Qeyd olunub ki, ölkələrimizin siyasi partiyaları – Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilab Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında müsbət rolu qeyd olunub.  O cümlədən, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri vurğulanıb. Bildirilib ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.

Görüş üçün təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan Bakıda prokurorluq orqanları üçün beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Konfransın əhəmiyyətindən danışan qonaq onun dost ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Söhbət zamanı qonaq Azərbaycanda Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə təbriklərini çatdırıb, iki ölkənin parlamentlərarası, iqtisadiyyat, logistika və digər sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU