Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər

Sədrin səfərləri
14 oktyabr 2025 | 16:30   

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə  Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.

Spiker Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU