Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin baş katibi ilə görüşüb

Sədrin səfərləri
19 oktyabr 2025 | 21:26   

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş katibi Martin Çunqonq ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri məmnunluqla xatırlayaraq, bu kimi təmasların təşkilat və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Söhbət zamanı, bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir olunaraq, Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU