PARLAMENTDƏ ƏLİL GƏNCLƏRİN BEYNƏLXALQ YARADICILIQ FESTİVALI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLDİ
Sentyabrın 12-də Milli Məclisdə “Şərq nağılı” - əlil gənclərin birinci Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində görüş keçirildi.
Tədbiri açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu gün fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə Azərbaycanda çox işlər görülür. Komitə sədri ölkədə paralimpiya idman növlərinin geniş vüsət aldığını, Sumqayıt şəhərində məxsusi olaraq bu idman növləri ilə məşğul olmaq üçün geniş idman kompleksinin fəaliyyətə başladığını dedi. O, Milli Məclis tərəfindən qəbul edilən bütün qanunlarda fiziki qüsurli insanların hüquqları ilə bağlı maddələrin yer aldığını vurğuladı. Qeyd olundu ki, Bakı şəhərində yeni tikilən bütün yeraltı keçidlərdə və metro stansiyalarında əlillər üçün keçidlər quraşdırılıb. Komitə sədri “Şərq nağılı” adlı bu festivala dünyanın 10 ölkəsindən 200 nümayəndənin qatıldığını bildirdi.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, hər il yay aylarında nazirlik tərəfindən əlillər üçün xüsusi düşərgələr təşkil edilir. Artıq 18 ildir ki, dünya paralimpiya çempionatlarında bizim gənclər də iştirak edir, müxtəlif yerlər tutur və Azərbaycan bayrağını göylərə qaldırır, himnimizin səsləndirilməsinə nail olurlar.
Dünya Əlillər Cəmiyyətinin icraçı direktoru Necdet Öztürk BMT-in Əlillərin hüquqları haqqında Konvensiyasının 142 ölkə tərəfindən təsdiqləndiyini qeyd etdi. Bildirildi ki, bu gün dünyada 1 milyard 180 milyon fiziki qüsurlu insan var. Əlillər bütün dünyada dövlətin, ali məktəblərin, sivil cəmiyyətlərin marağında olmalıdırlar. O, qeyri-hökumət təşkilatlarının bu məsələdəki rolunu xüsusi vurğuladı. Necdət Öztürk Azərbaycanda belə insanların cəmiyyətə tam olaraq adaptasiya edə bilməsi üçün görülən işləri yüksək qiymətləndirdi, mövcud problemlərdən söhbət açdı.
Daha sonra toplantıda Milli Məclisin deputatı Fazil Mustafa, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Moskva şəhər Dumasının sədr müavini Oleq Smolin, Gürcüstan Gənclər və idman nazirliyinin nümayəndəsi Natalya Çargeşvili, QHT nümayəndələri çıxış edərək əlilliyi olan gənclərin sosial inteqrasiyası, cəmiyyətə tam adaptasiyasının təşviqi, fiziki qüsurlu insanların hüquqlarının qorunması ilə bağlı problemlər, əlil insanların fəaliyyəti üçün imkanların artırılması barədə fikirlərini bildirdilər.
Milli Məclisin
Mətbuat xidməti