Regional məsələlər komitəsinin iclasında

Komitə iclasları
13 sentyabr 2013 | 04:09   
Paylaşın:        

Sentyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin 2013-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq parlamentin payız sessiyasının başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi. Sonra o, gündəliyə daxil  edilən məsələlər barədə məlumat verdi.
Arif Rəhimzadə ilk olaraq Milli Məclisin 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 14 məsələ müzakirə olunub. Sessiya zamanı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə iki qanun layihəsinə baxılıb. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Naftalan, Şəki və Yevlax şəhərlərində sahə inzibati ərazi dairələrinin yaradılması ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edilib.
Komitədə həmçinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun, Masallı rayonunun inzibati ərazi bölgülərində qismən dəyişikliklər edilməsi haqqında qanunlar qəbul olunub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq qurumunun 2012-ci il üzrə illik məruzəsi dinlənilib.
İclasda diqqətə çatdırıldı ki, bu müddət ərzində komitə üzvləri beynəlxalq təşkilatların yığıncaqlarında fəallıq göstərərək ölkəmizi layiqincə təmsil ediblər. Deputatlar eyni zamanda ölkə daxilində keçirilmiş tədbirlərdə iştirak etmiş, ölkədə gedən uğurlu sosial-iqtisadi inkişaf barədə seçiciləri məlumatlandırmışlar.
Qeyd edildi ki, ötən müddət ərzində komitənin ünvanına daxil olan 200 məktub, təklif, ərizəyə müvafiq qaydada baxılmış və onlar araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilmişdir. Komitə üzvləri tərəfindən 512 nəfər vətəndaş qəbul edilmişdir.
Hesabat ətrafında aparılan geniş müzakirələr zamanı komitənin 2013-cü il yaz və növbədənkənar sessiyalar dövründə fəaliyyəti məqbul hesab edildi.
Sonra iclasda 2013-cü ilin payız sessiyasında müzakirə olunacaq qanun layihələri və nəzərdə tutulan tədbirlər planı barədə açıqlama verildi və deputatlar tərəfindən təsdiq edildi.
Daha sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihələrinə baxıldı. Sənədlərdə Şahbuz və Masallı rayonlarının inzibati ərazi bölgüsü ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulub. Qanun layihələri müzakirə olunaraq Milli Məclisin plenar sessiyasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU