TBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub

Tədbirlər
28 oktyabr 2025 | 18:44   

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Xankəndi şəhərinə gələn millət vəkili burada Zəfər meydanında və Qarabağ Universitetində olub. O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə  söhbət edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, burada yaşayır, işləyir və təhsil alır.

Sonra Şuşaya gələn TBMM üzvünün şəhərlə tanışlığı Şəhər Meydanından başlayıb. Qonağa Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra Hasan Turan Yuxarı Gövhərağa məscidi ilə  tanış olub, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU