Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Sədrin səfərləri
06 noyabr 2025 | 23:12   

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyən Cevdet Yılmaz, COP29  zamanı mühüm qərarların qəbul olunduğunu bildirib. O, qardaş Türkiyənin bu tədbirdə fəal iştirak etdiyini xatırladıb.

Türkiyə Respublikasının Vitse-prezidenti 8 noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.

Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütün məsələlərdə bir-birini daim dəstəkləyir. Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırki yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən, təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonunda Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeyd edilib.

Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu mənada qardaş ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasından məmnunluqlarını bildiriblər.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın gəlməsinə müsbət təsir göstərəcək.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU