SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 sentyabr 2013 | 03:09   
Paylaşın:        

Sentyabrın 18-də Milli Məclisin 2013-cü ilin payız sessiyasında Sosial siyasət komitəsinin ilk iclası keçirildi. İclasda beş qanuna təklif olunan dəyişikliklər müzakirə edildi.
 Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, “Sosial müavinətlər”, “Bədən tərbiyəsi və idman”, “Sosial sığorta”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunması təklif edilir. İnzibati Xətalar Məcəlləsinin “İcbari sığorta müqaviləsinin bağlanmaması” adlı maddəsinə təklif olunan müddəada qeyd olunur ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500,  vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5 min manat cərimə olunacaq. Bu dəyişiklik qanunun tələblərinə əsasən sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədini daşıyır. “Bədən tərbiyəsi və idman haqqında” qanuna isə idman mərc oyunları ilə bağlı yeni müddəa əlavə olunur. Qeyd edildi ki, digər dəyişikliklər isə redaktə və dəqiqləşdirmə xarakterlidir
Müzakirələrdən sonra təklif olunan bütün dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi. Komitə sədri onu da bildirdi ki, bu sessiyada “Uşaqların istirahətinin təşkili haqqında” yeni qanun layihəsi hazırlanaraq müzakirəyə çıxarılacaq.
Bununla da Sosial siyasət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU