AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 sentyabr 2013 | 05:09   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin  payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov bu münasibətlə həmkarlarını təbrik edərək  gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
İlk olaraq yaz və növbədənkənar sessiyalar dövründə komitənin gördüyü işlər barədə məlumat verildi. Qeyd edildi ki, bu müddət ərzində komitədə “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib. Həmçinin parlamentin digər komitələrindən daxil olmuş sənədlərə ətraflı rəylər hazırlanıb.
Bildirildi ki, keçən sessiya ərzində komitə üzvləri beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə sıx əlaqə saxlayıb, müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər.
İclasda sonra Eldar İbrahimov komitənin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı barədə danışdı. Bildirildi ki, sessiya ərzində komitədə “Yaşıllıqların mühafizəsi haqqında” qanuna,   “Balıqçılıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, bir sıra digər qanunlara dəyişiklik və əlavələr edilməsi barədə sənədlərə baxılacaq.
Daha sonra iclasda iştirak edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov gündəliyə daxil edilmiş “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda nəzərdə tutulan bir sıra dəyişikliklər barədə açıqlama verdi. Qeyd edildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Layihələrdə təklif olunan dəyişikliklərin mahiyyəti geni dəyişdirilmiş və ya modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının ölkədə istehsalı, idxalı və satışına qoyulan qadağalardan ibarətdir. Məruzəçi burada göstərilən məsələlərin ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətini vurğuladı.
Geniş fikir mübadiləsindən sonra qanun layihələrinin parlamentin plenar iclasına təqdim edilməsi haqqında qərar verildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU