Milli Məclisdə MDB PA-nın nümayəndə heyəti ilə görüş

Tədbirlər
08 dekabr 2025 | 18:00   

Dekabrın 8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin  Parlamentlərarası Assambleyasının (MDB PA) iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan Parlamentinin 107 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarından bir qrupu parlamentdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşüblər.

Qonaqları salamlayan Milli Məclisin sədr müavini Ziyafət Əsgərov "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi"  mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb, Ümummilli Lider Heydər Əliyevin ölkədə konstitusionalizmin və parlamentarizmin formalaşmasında və inkişafında tarixi rolunu qeyd edib.

Sədr müavini söhbət zamanı Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında,  dövlət quruculuğunun həyata keçirilməsində, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu barədə fikirlərini bölüşüb.

Görüşdə çıxış edən MDB PA DİMBİ-nin direktor müavini Yelena Yeremenko və nümayəndə heyətinin üzvləri 2025-ci il - “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsinin aktuallığını qeyd ediblər, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu vurğulayıblar.

Görüşdə Milli Məclisin komitə sədri Arzu Nağıyev, deputatlar Nizami Səfərov və Göydəniz Qəhrəmanov iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU