SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 sentyabr 2013 | 05:09   
Paylaşın:        

Sentyabrın 30-da Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyə daxil edilən 3 məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərlə bağlıdır. Digər 2 məsələ isə "Sosial müavinətlər haqqında" və "Uşaq hüquqları haqqında" qanunlara ediləcək dəyişikliklərdir.
Hadi Rəcəbli bildirdi ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun layihəsinə edilən dəyişiklikliyə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür: "Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişikliyə əsasən "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tədbiq edilən cərimələr başa düşülür. Nəzərdə tutulmuş "vəzifə maaşlarına əlavə" verilən işçilərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir". Bununla yanaşı, həmin qanun layihəsinə nəzərdə tutulan digər əlavədə deyilir ki, “Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Əməliyyata dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcələsinə uyğun məsuliyyət daşıyır.”
Digər müzakirə olunan dəyişiklikdə isə "Sosial müavinətlər haqqında" Qanun layihəsinə görə beşdən çox uşağı olan qadınlara müavinət nəzərdə tutulur. Qanuna görə müavinət alan qadının ən kiçik uşağının 1 yaşı tamam olmalı, ən böyüyü isə 18 yaşı keçməməlidir. Komitə sədri onu da əlavə etdi ki, bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
İclasda "Əhalinin sağlamlığının qorunması haqqında" və "Uşaq hüquqları haqqında" hər iki qanun layihəsinə təklif olunan əlavə də müzakirə edildi. Əlavədə deyilir: "Uşaqların "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları var".
Müzakirələrdən sonra təklif olunan hər beş dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU