İnsan hüquqları komitəsinin iclasında

Komitə iclasları
23 yanvar 2026 | 15:07   

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Zahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.

 Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik  təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, Mübariz Qurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyev müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU