MİLLİ MƏCLİSİN 2013-cü İL PAYIZ SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ

Tədbirlər
30 sentyabr 2013 | 06:09   
Paylaşın:        

Sentyabrın 30-da  Milli Məclisin 2013-cü il  payız  sessiyasının  ilk  iclası  keçirildi. İclası Milli Məclisin Sədri  Oqtay Əsədov  yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi.  Azərbaycan  Respublikasının  Dövlət  himni  səsləndirildi.
Əvvəlcə Oqtay Əsədov parlamentin  yaz və növbədənkənar  sessiyaları  zamanı  görülən  işlər və  payız  sessiyasının qanunvericilik işləri planı barədə  məlumat verdi.  Bildirildi ki, Milli Məclis  2013-cü ilin yaz və növbədənkənar  sessiyalarını  uğurla  başa vurmuş, bu müddət  ərzində parlamentin  15  iclası  keçirilmiş, 171  vacib qanun və qərar qəbul edilmişdir.  Qanunverici orqan Konstitusiya  ilə öhdəsinə  düşən bütün  vəzifə və səlahiyyətləri  layiqincə yerinə yetirmiş, ölkə başçısı İlham  Əliyevin  rəhbərliyi altında həyata  keçirilən quruculuq  işlərinin  tam hüquqi  bazasını yaratmağa nail olmuşdur. Ötən  sessiyalar  dövründə Milli Məclisin nümayəndə heyətləri beynəlxalq  təşkilatların bir  çox  tədbirlərində  iştirak etmişdir. Yaz və növbədənkənar sessiyalarda, eləcə də sonrakı zaman çərçivəsində 34  ölkəyə 85-dən çox  səfər  həyata  keçirmişdir. Milli Məclisin xətti ilə Bakı 5 nüfuzlu beynəlxalq  tədbirə ev sahibliyi etmişdir. Parlamentdə  30  xarici  dövlətin və 11  beynəlxalq  təşkilatın 71  nümayəndə heyəti ilə  görüşlər keçirilmişdir.
Qeyd olundu ki, payız  sessiyası  dönəmində də parlamentin qarşısında  böyük  vəzifələr durur. Bu  dövrdə də bir çox  zəruri  sənədlər  qəbul  ediləcək. Hər  zaman olduğu kimi bu  dəfə də  növbəti il üçün ölkənin  dövlət büdcəsi layihəsi  və ona  daxil olan sənədlər müzakirə  edilərək, qəbul olunacaq. 
Spiker  sonra  bildirdi ki,  bu  sessiya ölkə həyatında  çox  vacib bir zamana  təsadüf  edir.  Azərbaycan xalqı növbəti Prezident seçkiləri ərəfəsindədir. İnanırıq ki, müdrik xalqımız  bu  dəfə  də öz  layiqli sözünü  deyəcək, ən uğurlu  namizədinə  səs verəcək,   ən dəyərli namizədini  Prezident  görmək istəyəcək.
İclasda deputatlardan  Sahib  Alıyev, Elman Məmmədov, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Musa Qasımlı, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı,  Sabir  Rüstəmxanlı, Aytən Mustafayeva cari  məsələlərlə əlaqədar  fikirlərini bildirdilər.  Milli Məclis  Sədrinin birinci müavini, Təhlükəsizlik  və müdafiə komitəsinin sədri Ziyafət  Əsgərov  çıxışlar  zamanı  səsləndirilən bəzi  suallara  aydınlıq  gətirdi.
 Sonra gündəlikdəki  ilk məsələ - Milli Məclisin payız sessiyasının  qanunvericilik işləri  planı  müzakirə  edildi. Millət  vəkilləri məsələ ilə əlaqədar fikir  və  təkliflərini  bildirdilər.  Qanunvericilik işləri planı  səsə  qoyularaq  təsdiq  edildi.
İclasda “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə qanun layihəsi ilə əlaqədar  Hüquq siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədr  müavini Rövşən Rzayev məlumat verdi. Sənəd  səsə qoyularaq yekdilliklə qəbul edildi.
Sonra Azərbaycan və Rusiya  hökumətləri  arasında “2015-ci ilədək humanitar sahədə əməkdaşlıq Proqramı”nın,  “Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında”  və “Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) – “Yaraq Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında" Sazişlərin təsdiq edilməsi barədə Ziyad Səmədzadə məlumat verdi.  Hər  üç  sənəd  səsvermə  yolu ilə qəbul edildi.
“Sosial müavinətlər haqqında" qanuna  edilən dəyişiklikləri  Sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli ətraflı şərh etdi.  Qeyd  edildi ki, qanun layihəsinə müavinətlərin ödənilməsi  qaydasını təsbit  edən yeni bir maddə əlavə  edilib. Sənəddəki  dəyişiklik deputatlar  tərəfindən razılıqla  qarşılandı  və səsvermə  yolu ilə qəbul edildi.
İclasda  Azərbaycan Respublikasının bir  sıra  orden və  medallarının təsvir  və  statutlarının  təsdiq  edilməsi barədə sənədlərlə əlaqədar  Milli Məclisin Hüquq  siyasəti və dövlət quruculuğu komitəsinin sədr  müavini  Rövşən  Rzayev məlumat verdi. Bildirildi ki, son illər Azərbaycanın ictimai və sosial   həyatında fəal  iştirak edən insanların  dövlət  tərəfindən orden və medallarla  təltif edilməsi yaxşı bir ənənə  halını  alıb. Bu təltiflər  gənclərin də  dövlətçilik ruhunda  tərbiyəsinə müsbət  təsir  göstərir.  Sonra “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medallarının, “İstiqlal”, “Azərbaycan Bayrağı, “Şöhrət”, “Vətənə xidmətə görə”, “Şərəf”, “Dostluq”, “Tərəqqi”, “Hərbi  xidmətlərə görə”, “Sərhəddə  fərqlənməyə görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi əməkdaşlıq  sahəsində xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Qüsursuz xidmətə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə”,  “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə”, “Polis veteranı”, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə”  orden və medallarının  Əsasnamələrinin, təsvir  və statutlarının təsdiq  edilməsi və təsis  edilməsi ilə bağlı ümumi məlumat verildi və  sənədlərin  hər biri ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul edildi.
İclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə məsələyə  də baxıldı. Sənəd səsə qoyularaq  qəbul  edildi.
Sonra Cinayət, Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Prosessual və Əmək məcəllələrinə, “Dövlət rüsumu haqqında” qanuna, Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Ədalət mühakiməsinin rəsmi embleminin təsviri"ndə dəyişiklik edilməsi barədə sənədə ümumi texniki xarakterli dəyişikliklər müzakirəyə çıxarıldı. Sənədlər  barədə  məlumat verən Rövşən Rzayev qeyd etdi ki,  bu sənədlərin hər birində  “Azərbaycan bayrağı”  ifadəsi, “Azərbaycan  dövlət  bayrağı” ifadəsi ilə əvəz  olunur. Sənədlər  ayrı-ayrılıqda  səsverməyə  çıxarılaraq  qəbul edildi.
İclasda “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirdi ki, hər dörd qanuna edilən dəyişiklik eyni mahiyyətlidir. Bu dəyişikliklərə əsasən, notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq reyestr məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ olacaq. Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edildi.
Bununla da Milli Məclisin payız  sessiyasında ilk iclası  başa  çatdı. 

                             

Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU