TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə “Azərbaycan və Gürcüstan hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin müzakirəsi daxil edilib.
Qeyd olundu ki, sənəd cari ilin avqust ayında Tbilisidə imzalanıb. Burada məqsəd fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması məqsədilə əməkdaşlıq etmək, qarşılıqlı yardımın təminatını asanlaşdırmaq üçün zəruri hüquqi çərçivə yaratmaqdır. Saziş əsasında tərəflərdən hər hansı birinin ərazisində baş vermiş və ya baş vermə təhlükəsi olan fövqəladə halların nəticələri həmin tərəfin cəhdləri ilə tam azaldıla bilmədiyi hallarda sorğu ilə bir-birinə yardım göstərə biləcəklər. Sənəddə bu sahədə birgə işçi qrupun yaradılması, yardımların həyata keçirilməsi, bu əməliyyatların əlaqələndirilməsi, dövlət sərhəd-keçid qaydaları, hava gəmilərindən istifadə, təzminatlar, məxfi məlumatların ötürülməsi, qorunması və digər məsələlər öz əksini tapır. Müzakirələr zamanı millət vəkilləri sazişin hər iki dövlətin maraqlarına, ölkələrimizin münasibətlərinə uyğun olduğunu bildirdilər.
Sənədin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti