Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir

Tədbirlər
04 fevral 2026 | 17:42   

Fevralın 4-də Milli Məclisin İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İrlandiya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn görüşü olub.

İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib. O, Milli Məclisdə yaradılmış Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əməkdaşlığın inkişafına öz töhfəsini  verəcəyinə inamını bildirib. Qeyd edib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak görüşə görə təşəkkürünü bildirərək, İrlandiya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışıb. O, ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə inamını bildirib və bu işdə hər iki ölkənin parlamentlərinin mühüm rol oynadığını söyləyib.

Onlayn görüşdə söhbət zamanı İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Sevinc Fətəliyeva, Gülşən Paşayeva və irlandiyalı deputatlar çıxış edərək,  parlamentlərarası əlaqələrin perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini açıqlayıblar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU