İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
17 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Oktyabrın 14-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə oktyabrın 9-da ölkəmizdə uğurla keçirilmiş Prezident seçkiləri münasibəti ilə iclas iştirakçılarını təbrik etdi. Gündəliklə bağlı məlumat verən Ziyad Səmədzadə bildirdi ki, komitəyə qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən  beş qanun layihəsi daxil edilib.
Sonra Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov müzakirəyə çıxarılan məsələlər barədə ətraflı açıqlama verdi. Qeyd edildi ki, son illər sığorta sektorunun yüksək templə inkişafı müşahidə edilir. Bu sahədə yeni qanunların qəbulu çox əhəmiyyətlidir. Bildirildi ki, “Sığorta fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklər əhalini yüksək keyfiyyətli sığorta ilə təmin etməyə, sığorta xidmətlərinin keyfiyyətini artırmağa, sığorta bazarının inkişafına yönəlmişdir. Burada sığorta şirkətlərinin elektron vasitələrdən istifadə edərək öz məhsullarını təqdim etmələri nəzərdə tutulub. Sənəddə sığorta sahəsində fəaliyyət göstərən mütəxəssislərin hazırlanması, onların fəaliyyət istiqamətləri, səlahiyyətləri ilə bağlı məsələlər əks olunub.
Məruzəçi bildirdi ki, “Hərbi qulluqçuların icbari sığortası haqqında” qanunda ediləcək dəyişikliklər əsasən sığorta hadisələri zamanı müəyyən edilmiş ödənişlərin məbləği ilə bağlıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” sənədə əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş hesab edilən şəxslərlə bağlı, qanunla müəyyən olunmuş hallarda birdəfəlik sığorta ödənişi ilə əlaqədar əlavə maddələr və digər düzəlişlər təklif olunur. Diqqətə çatdırıldı ki, Mülki Məcəllədə sığorta müqaviləsinin elektron sənəd formasında bağlanması təklif olunur və bir sıra digər əhəmiyyətli düzəlişlər nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklər isə sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır.
İclasda çıxış edən komitə üzvləri Çingiz Əsədullayev, Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Ayaz Orucov, Əli Məsimli müzakirə olunan məsələlər barədə fikirlərini açıqladılar, təkliflərini verdilər.
Sonda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU