REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
07 fevral 2012 | 05:02   
Paylaşın:        

Fevralın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin   iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, bugünkü iclasda “Bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarəti həyata  keçirən orqanın illik məruzəsi haqqında” məsələyə baxılacaq.
Öncə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin məruzəsi dinlənildi. O dedi ki, dövlət müstəqilliyinin 20 ili ərzində ölkəmizdə qazanılmış siyasi, sosial, iqtisadi uğurlarla yanaşı yerli özünüidarəetmənin həyata keçirilməsində də mühüm nailiyyətlər əldə olunub. Yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm baza yaradılıb.
Qeyd olundu ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması istiqamətində Azərbaycan dövlətinin götürdüyü kurs 2011-ci ildə də davam etdirilib. Lazımi qanunlar qəbul olunub, bələdiyyələrə dövlətin maliyyə yardımı xeyli artırılıb. 
Məruzəçi bildirdi ki, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan və müxtəlif qurumlardan 2387 müraciət daxil olub. Bunlardan 1693-nə əsaslandırılmış cavablar verilib, 28-i təmin edilib, 49 müraciət əsasında inzibati nəzarət qaydasında araşdırma aparılıb. Müraciətlərə baxılarkən aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilib.
2011-ci ildə bələdiyyələrin qəbul etdikləri 31 min 974 akt ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilib ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çox olub. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Deputatların diqqətinə çatdırıldı ki, fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 15-i üzrə cinayət işi başlanıb. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilib, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilibdir. Faktlar göstərir ki, başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır.
Bələdiyyələrlə İş Mərkəzinin rəisi komitə üzvlərinə bələdiyyələrin durmadan genişlənən beynəlxalq əməkdaşlıq əlaqələrindən də bəhs etdi.
Məruzə dinlənildikdən sonra Mehdi Səlimzadə komitə üzvlərini  maraqlandıran suallara cavab verdi. Məruzə ətrafında müzakirələrdə bir sıra təkliflər, iradlar, bələdiyyələrin işinə dair tənqidi qeydlər səsləndi.
Çıxış edən deputatların hamısı sənəddə ölkə bələdiyyələrinin 2011-ci ildəki fəaliyyətinin ətraflı  təhlil olunduğunu qeyd edərək məruzəyə müsbət münasibət bildirdilər.
Sonra Prezident Administrasiyasının müvafiq şöbəsinin sektor müdiri Ramiq Həşimov çıxış edərək “Bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarəti həyata  keçirən orqanın illik məruzəsi”nə və komitədə səslənən təkliflərə dair fikirlərini bölüşdü. Yekunda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd etdi ki, hesabat dövründə bələdiyyələrlə xeyli iş aparılıb, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsində Bələdiyyələrlə İş Mərkəzinin mühüm rolu var.
Ətraflı fikir mübadiləsindən sonra məruzə Regional məsələlər komitəsində nəzərə alındı və Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU