Regional məsələlər komitəsinin iclasında

Komitə iclasları
06 may 2026 | 17:27   

Mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclası açan komitə sədri diqqətə çatdırıb ki, bir neçə gün sonra müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunacaq.

İclasda Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Siyavuş Novruzov gündəliyə “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin daxil edildiyini bildirib. Qeyd olunub ki, layihədə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.

Sənədin müzakirəsində deputatlar Vasif Qafarov, Əlibala Məhərrəmzadə, Elman Məmmədov,   Elşən Musayev, Aydın Mirzəzadə, həmçinin Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev, Timiryazev və Alekseyevka bələdiyyəsinin sədri Elçin Manafov çıxış edərək fikirlərini bildiriblər.

Müzakirənin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

İclasda  deputatlar Kamran Bayramov, Arzuxan Əli-zadə, Xanlar Fətiyev, Quba rayonunun Vladimirovka, Ağbil və Aşağı Atuc bələdiyyəsinin sədri Varlıq Şıxbalayev və digər şəxslər  iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU