Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbirdə
Mayın 7-də YAP Səbail rayon təşkilatı üzrə Parlament prospekti,1 Ərazi Partiya Təşkilatının müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş yığıncağı keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eyni zamanda Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Sonra Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, deyib ki, xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu tədbir böyük mənəvi əhəmiyyət daşıyır. O, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlər göstərib. Ulu Öndər həm 1969-cu ildə, həm də 1993-cü ildə xalqın və dövlətin taleyində dönüş yaradan xilaskar lider missiyasını həyata keçirib. Onun ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycanda iqtisadi yüksəliş, milli-mədəni intibah və milli özünüdərk prosesləri güclənib, gələcək müstəqillik üçün möhkəm zəmin formalaşıb. 1993-cü il iyunun 15-də Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas oldu, ardıcıl inkişaf yoluna çıxdı.
Çıxışda Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verdiyi, azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətinə çevrildiyi vurğulanıb. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik modeli milli təhlükəsizlik, siyasi sabitlik və müstəqil inkişaf baxımından müasir Azərbaycanın strateji inkişaf konsepsiyası kimi aktuallığını qoruyub saxlayır. Bu gün Ulu Öndərin siyasi varisi, Yeni Azərbaycan Partiyasının sədri Prezident cənab İlham Əliyev Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və güclü siyasi iradəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, ölkəmiz regional siyasi, iqtisadi güc mərkəzinə çevrilib.
Sonra parlament Aparatı rəhbərinin müavinləri Rüstəm Mahmudov və Şahin Həsənov, Milli Məclis rəhbərliyinin katibliyinin rəisi, Ərazi Partiya Təşkilatının sədr müavini Teymur Tağıyev çıxış edərək, Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən, həmçinin milli parlamentarizmin inkişafına verdiyi misilsiz töhfələrdən söz açıblar. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə müasir Azərbaycan parlamentarizmi formalaşdırılıb, dövlətin konstitusion əsaslar üzərində qurulması prosesi həyata keçirilib.
Çıxışlarda o da diqqətə çatdırılıb ki, Azərbaycan parlamenti hər zaman Heydər Əliyev irsinə sadiqlik nümayiş etdirib. Qeyd olunub ki, Milli Məclisdə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, təbliği, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif konfranslar, sərgilər, anım və elmi-praktik tədbirlər təşkil olunur. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti Azərbaycan dövlətçiliyinə və xalqın mənafeyinə xidmət prinsipləri üzərində qurulub və partiyanın qazandığı uğurların əsasında Heydər Əliyevin siyasi ideyalarına sədaqət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti dayanır. Çıxışlarda gənc partiya üzvlərinə Ulu Öndərin siyasi irsinə daim sadiq qalmaq, dövlətçilik dəyərlərini qorumaq, yüksək məsuliyyət və təşəbbüskarlıq sərgiləmək tövsiyə olunub.
Sonra iclasda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
YAP sıralarına yeni qəbul olunmuş üzvlər onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, dövlətçiliyə və milli maraqlara hər zaman sadiq qalacaq, ölkənin davamlı inkişafı və qarşıya qoyulan ali məqsədlərə nail olunması naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

