AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
29 oktyabr 2013 | 03:10   
Paylaşın:        

Oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələ daxil edilib.
Sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov qanun layihəsinə təklif olunan dəyişikliyin mahiyyətini açıqladı. Deputatlara məlumat verildi ki, həmin təklifdən əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirməkdir. Belə ki, 2001-ci ildən tətbiq edilən vergi güzəştlərinin müddəti yeni qanunla daha 5 il uzadılır. Layihəyə görə, 2014-cü il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalçıları Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilirlər. Onlar yalnız torpaq vergisini ödəyəcəklər.
İclasda bir məqam da xüsusi vurğulandı ki, artıq 13 il davam edən həmin vergi güzəştlərinin nə MDB məkanında, nə də dünyada analoqu yoxdur. Bu güzəştlərin tətbiqi 1,4 milyard manat vəsaitin fermerlərdə qalmasına imkan verib ki, həmin vəsaitin də istehsalın inkişafına yönəldilməsi nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 4,4 dəfə artaraq 2001-ci ildəki 1,2 milyard manatdan 2012-ci ildə 4,8 milyard manata çatıb. 
Müzakirələrdə komitə sədrinin müavini Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, Arif Əşrəfov, Ərəstun Cavadov, Tahir Süleymanov layihənin mütərəqqiliyini qeyd etdilər, kənd təsərrüfatının dinamik inkişafına xidmət edəcəyini  bildirdilər.
Komitə qanun layihəsini Milli Məclisin müzakirəsinə tövsiyə etdi.

 


Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU