Parlamentin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı müzakirə olunub

Komitə iclasları
19 may 2026 | 18:39   

 

Mayın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı müzakirəyə təqdim edilib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı təqdim olunur. O, Azərbaycanda gender bərabərliyinin təmin olunmasının və dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın bu sahədə xüsusi rolunu vurğulayıb.

Komitə sədri ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət  dinamikanin olduğunu, idarəetmə və qərar qəbul etmədə qadınların  iştirakçılığının artmasının müşahidə edildiyini söyləyib. O, bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyini, tədbirdə qadın iştirakçılığının, onların prosesə verəcəyi töhfələrin, dövlətlər qarşısında dayanan öhdəliklərin geniş müzakirə edildiyini bildirib.

O, gender bərabərliyinin təmin edilməsi sahəsində ölkəmizdə mühüm islahatların  aparıldığını, hüquqi bazanın təkmilləşdirildiyini, o cümlədən əmək hüquqlarının qorunması, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi, habelə atalıq məzuniyyəti ilə bağlı qanunvericilikdə bir sıra əlavə və dəyişikliklərin edildiyini söyləyib. Bu istiqamətdə ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Hicran Hüseynova Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bir çox yeni  istiqamətlərin əks olunduğunu qeyd edərək, bütövlükdə hesabat ilində görülən işləri yüksək qiymətləndirib. Sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə ətraflı  təhlillərin aparıldığını, təklif və tövsiyələrin hazırlandığını vurğulayıb. Məlumatda, habelə qarşıda duran vəzifələrin, həllini gözləyən məsələlərin yer aldığını bildirib.

Sonra iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası sahəsində fəaliyyət barədə illik məlumatın hazırlandığı zaman aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə gördüyü işlərlə bağlı məlumatlarından istifadə edildiyini söyləyib.

Bildirilib ki, məlumatda hesabat ilində dövlət komitəsi tərəfindən erkən evliliyin inzibati-ərazi bölgüsü üzrə xəritənin hazırlanması, yetkinlik yaşına çatmayanlar arasında intihar hallarına səbəb olan faktorlar, sosial-iqtisadi səbəblərin ailə institutuna təsiri, yeniyetmələrin hüquq düşüncələrinin formalaşması ilə bağlı təhlillərin aparıldığı qeyd olunur. Ölkədə qadınlar üçün iqtisadi imkanların genişləndirildiyi, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara dəstəyin artırıldığı, sosial və ictimai-siyasi həyatda qadınların mövqeyinin möhkəmləndirildiyi  öz əksini tapıb. Bununla yanaşı, ailə institutunun qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həyata keçirilən layihələr, maarifləndirmə tədbirləri, habelə məişət zorakılığının qarşısının alınması istiqamətdə atılan addımlar, digər bir sıra məsələlər  barədə geniş məlumat verilib.

Məsələ ilə bağlı müzakirələrdə komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Tamam Cəfərova, Mehriban Vəliyeva, Könül Nurullayeva, Günay Ağamalı,  Sevinc Hüseynova, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, illik məlumatı yüksək dəyərləndiriblər.

Çıxışçılar dövlət komitəsi tərəfindən dövlətin ailə siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsinə nəzarət, qadın hüquqlarının təmin edilməsi, onların pozulmasının qarşısının alınması, uşaq hüquqlarının müdafiəsi ilə bağlı atılan addımları məqsədəmüvafiq hesab ediblər. Müzakirələrdə gender bərabərliyinin təmin edilməsində qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti vurğulanıb, regionlarda qadınların məşğulluğunun artırılmasının, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətindən danışılıb. Millət vəkilləri hesabat ili ərzində görülən işləri müsbət qiymətləndirərək, bir sıra təkliflərini də səsləndiriblər.

Parlamentin komitə sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin  Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər.

Müzakirələrin yekununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Ülviyyə Ağayeva, Səbinə Xasayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin   Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, şöbənin müdir müavini Aidə Seyidli,  Dövlət Komitəsinin əməkdaşı Sevinc Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU