MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
29 oktyabr 2013 | 06:10   
Paylaşın:        

Oktyabrın 29-da Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə deputatlar cari məsələlər barədə fikirlərini bildirdilər.
Milli Məclisin Sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibətini bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Əvvəlcə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, "Əhalinin sağlamlığının qorunması haqqında", "Sosial müavinətlər haqqında" və  "Dövlət rüsumu haqqında" Qanunlara təklif olunan dəyişikliklər müzakirə edildi. 
Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik onun Vergi Məcəlləsinə uyğunlaşdırılması məqsədini daşıyır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə "Sosial müavinətlər haqqında"  qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. Adları çəkilən qanunvericilik aktlarına təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamədə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə məsələləri təsdiqlədilər.
İclasda Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarına da dəyişikliklər edildi.
Bildirildi ki, bu dəyişikliklər ölkəmizin qanunvericilik bazasının daha da inkişafına və vətəndaşların rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU