Milli Məclisdə görüş

Tədbirlər
12 iyun 2026 | 13:17   

İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Avropa İttifaqı ilə qanunların uyğunlaşdırılması üzrə xüsusi komitəsinin sədri Ahmet Savaşan arasında görüş keçirilib.

Musa Quliyev qonağı salamlayaraq, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan komitə sədri, Türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbətdə iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilərək, qarşılıqlı səfər və görüşlərin mühüm rol oynadığı vurğulanıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ahmet Savaşan hər iki ölkə  parlamentlərində dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayan qonaq, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin münasibətlərin inkişafına mühüm töhfə verəcəyini bildirib. O, həmçinin parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev və deputat Göydəniz Qəhrəmanov ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU