SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
31 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Oktyabrın 30-da Milli Məclisin Sosial siyasət komitəsinin iclasında dörd məsələyə baxıldı.
Öncə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə deputatlara məlumat verdi. Komitədə layihə geniş müzakirə olundu.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli büdcə zərfinə daxil olan digər iki sənədi təqdim edərkən bildirdi ki, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində gələn il üçün yaşayış minimumu 125 manat, ehtiyac meyarının həddi isə 100 manat məbləğində nəzərdə tutulur.
İclasda hər üç qanun layihəsi barədə rəy və təkliflərini bildirən komitə sədrinin müavini Musa Quliyev, deputatlar Elmira Axundova, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva ölkəmizdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində son illərdə atılan addımları xüsusi vurğuladılar, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş təkliflərini diqqətə çatdırdılar.
Sonra iclasda iştirak edən əlaqədar qurumların səlahiyyətli nümayəndələri çıxış etdilər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, Maliyyə Nazirliyinin idarə rəisi Xaqani Rzayev, Statistika Komitəsinin nümayəndəsi Yusif Yusifov müzakirə olunan məsələlərə münasibət bildirdilər. Yekunda DSMF sədrinin müavini Elman Mehdiyev sualları cavablandırdı.
Komitənin bugünkü iclasında “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsinə dair məsələyə də baxıldı. Müzakirəyə çıxarılmış qanun layihələrinin dördü də Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU