İƏT Pİ-nin regional qruplarının məşvərət görüşləri keçirilib

Tədbirlər
23 iyun 2026 | 18:00   

 

İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində regional qrupların - Ərəb, Afrika və Asiya qruplarının məşvərət görüşləri keçirilib.

Qruplarda təşkilatın strukturlarına namizədlərin müəyyənləşdiriliməsi, gələcək fəaliyyət üzrə ortaq mövqenin əlaqələndirilməsi kimi təşkilati və koordinasiya məsələləri müzakirə olunub.

Milli Məclisin deputatları Ceyhun Məmmədov və Rizvan Nəbiyev Asiya Qrupunun toplantısında iştirak edərək gündəlikdə duran məsələlər üzrə müzakirələrdə iştirak ediblər.

Asiya Qrupunun məşvərət görüşünə deputat Rizvan Nəbiyev sədrlik edib. O, görüşdə çıxış edərək İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Deputat vurğulayıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam dünyasında dialoqun, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın təşviqinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam dünyası ilə beynəlxalq ictimaiyyət arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir.

Deputat çıxışında parlament diplomatiyasının roluna toxunaraq bildirib ki, qanunverici orqanlar dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqində, çoxtərəfli əməkdaşlığın gücləndirilməsində və ümumi çağırışlara qarşı birgə fəaliyyətin təşkilində mühüm rol oynayırlar.

İclasda İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov çıxış edərək, Azərbaycanın zəngin İslam irsinin qorunması və bərpasına verdiyi töhfələri vurğulayıb, gündəliyin bəzi məsələlərinə münasibət bildirib.

Görüşdə İƏT Pİ-nin növbəti tədbirlərinin təşkili, qurumun təsisatlarının formalaşdırılması kimi təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU