Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşüb

Sədrin görüşləri
24 iyun 2026 | 18:12   

 

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 24-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali ilə görüşüb.

Söhbət zamanı bildirilib ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Görüşdə qanunverici orqanlarımızın beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub. O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib. Spiker Sahibə Qafarova Omanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Qonaq ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU