Milli Məclisin deputatları Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər

Tədbirlər
24 iyun 2026 | 19:40   

İyunun 24-də Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə deputat Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Seneqal Milli Assambleyasının deputatı, nümayəndə heyətinin rəhbəri Elhaci Ababakar Tambedu Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanda müşahidə edilən sabitlik və təhlükəsizlik mühitini yüksək dəyərləndirib. İki ölkə arasında əlaqələrin yalnız parlament sahəsində deyil, digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Elhaci Ababakar Tambedu Bakıda keçirilən  İƏTPİ Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkil edildiyini, tədbirdə müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Söhbət zamanı deputatlar Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova Azərbaycan ilə  Afrika ölkələri arasında əlaqələrin inkişafının, habelə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu qeyd ediblər.  

Görüşdə Azərbaycanla Seneqal arasında mövcud dostluq münasibətləri, parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq parlament platformalarında müntəzəm təmasların əməkdaşlığın inkişafına töhfə verdiyi söylənilib. Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU