Milli Məclisin sədri Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

Sədrin görüşləri
25 iyun 2026 | 19:44   

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

Görüşdə Parlament İttifaqının təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib. Eyni zamanda, konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Spiker Sahibə Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.

Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib. Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri dəstəyə görə ölkəmizə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU