Milli Məclisin sədri Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb

Sədrin görüşləri
25 iyun 2026 | 19:59   

İyunun 25-də Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanimlə görüşüb.

Görüşdə Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib və münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin və görüşlərin rolu vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Qətərin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da vurğulanıb. Bildirilib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərirlər

Görüşdə parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq bildirilib. Vurğulanıb ki, Qətər parlamenti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirak edir.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan həmişə bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb. O, Azərbaycanın region ətrafında baş verən hadisələr fonunda Cənubi Qafqazda əmin-amanlığın qorunması üçün sülh gündəliyini dəstəklədiyini qeyd edib.

Qətər Dövlətinin Şura Məclisinin sədri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətini qeyd edib. O bildirib ki, bu mühüm tədbir regional və beynəlxalq məsələlərin müzakirəsi, təşkilata üzv ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişafı baxımından əlverişli platformadır. Şura Məclisinin sədri təşkilata sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, inamını ifadə edib ki, ölkəmizin sədrliyi dövründə İƏTPİ-nin fəaliyyəti daha da genişlənəcək.

Qonaq bildirib ki, iki ölkənin hökumətləri arasında iqtisadi, ticarət və texniki sahədə birgə komissiya uğurla fəaliyyət göstərir.

O, həmçinin Milli Məclisin nümayəndə heyətlərinin regional və beynəlxalq təşkilatlarda fəal iştirakını vurğulayıb və Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qonaq Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU