Milli Məclisin sədri Sahibə Qafarova Afrika Qrupu parlament sədrlərinin müavinləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Sanha Fode Karamba, Burkina Faso Xalq Qanunvericilik Assambleyası sədrinin ikinci müavini Haoua Fofana, Çad Senatının sədr müavini Mbank Haci Voli, Kot-d'İvuar Senatının sədr müavini Sarra Sako Nee Fadika və Mali Keçid Dövrü Milli Şurasının sədr müavini Məhəmməd Osmani Ag Məhəmədun ilə görüşüb.
Görüşdə Milli Məclisin təşkilatçılığı və ev sahibliyi ilə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu, burada mühüm məsələlərin müzakirə edildiyi qeyd olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət və həmin müraciətdə yer alan mühüm mesajlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu, Azərbaycanın İslam dəyərlərinə, eləcə də müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə geniş məlumat verib. Eyni zamanda, ölkəmizdə İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri barədə qonaqlara məlumat verili
Görüşdə ölkələr və xalqlar arasında əlaqələrin dərinləşdirilməsində parlamentlərin mühüm rolu vurğulanıb. Həmçinin qanunverici orqanlar arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, qonaqların təmsil etdikləri parlamentlərlə Azərbaycan Milli Məclisi arasında beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İƏT Parlament İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qonaqlar İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunması münasibətilə Milli Məclisin sədrini təbrik edib, eyni zamanda Azərbaycanda və paytaxt Bakı şəhərində olduqları müddətdə şahidi olduqları inkişaf və qonaqpərvərliklə bağlı müsbət təəssüratlarını bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

