Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupunun bəyanatı

Tədbirlər
29 iyun 2026 | 19:50   

Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində ən geniş xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanun layihəsinin qəbul olunması Korsika xalqının tarixində mühüm mərhələdir. Qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya ən geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur və bu baxımdan Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.

Biz, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu olaraq, Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayırıq. Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir.

Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləyəcək.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Korsika xalqının öz tarixi, milli və mədəni kimliyini qorumaqla ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edir.  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU