AZƏRBAYCAN VƏ ARGENTİNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
Noyabrın 1-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti ilə görüşü keçirildi.
Birinci vitse-spiker III Beynəlxalq Humanitar Forumun işində iştirak etmək üçün ölkəmizə gələn nümayəndə heyətini məmnunluqla salamladı. Qeyd edildi ki, qloballaşan dünyanı narahat edən mühüm problemlərin müzakirəsinə həsr edilmiş Forum Azərbaycan-Argentina əlaqələrinin inkişafı baxımından da əhəmiyyətli olacaq, hər iki ölkənin bu sahədə böyük potensialı var.
Sonra Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə məlumat verdi. Qeyd edildi ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılır. Təcavüzkar ölkə bu torpaqların qeyd-şərtsiz azad olunması haqda BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Görüşdə o da vurğulandı ki, artıq dünyanın 12 ölkəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı faciəsini soyqırım kimi tanıyır. Ziyafət Əsgərov bu məsələnin yaxın zamanlarda Argentina parlamentində müzakirəyə çıxarılmasına da ümid etdiyini dilə gətirdi.
Səmimi görüşə görə minnətdarlığını bildirən Argentina nümayəndə heyətinin rəhbəri Roberto Moulleran hər iki dövlətin demokratik inkişaf yolu keçməsini onları birləşdirən əsas cəhət kimi dəyərləndirdi. İqtisadi baxımdan əlaqələrin inkişaf etdirilməsinin gərəkli olduğu diqqətə çatdırıldı. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin çox yaxşı əlaqələrinin mövcudluğu vurğulandı. Bakıda keçirdikləri görüşlərin əhəmiyyətindən danışan qonaq bu gün Azərbaycan Diplomatiya Akademiyasında Argentinanın Azərbaycanın müstəqilliyini tanımasının 20 illiyi münasibəti ilə xüsusi tədbirin keçirilməsindən söz açdı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunuldu.
Milli Məclisin
Mətbuat xidməti