Milli Məclisin sədri Sahibə Qafarova İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb

Sədrin çıxışları
28 avqust 2026 | 17:22   

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Pnompen şəhərində keçirilən “Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli” mövzusuna həsr olunmuş İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb.

Spiker müraciətində  2025-ci ildə yaradılmış gənc parlament təşkilatı olan  Parlamentlərarası Spikerlər Konfransının parlament liderləri üçün açıq və effektiv platforma kimi inkişafını davam etdirəcəyinə inamını ifadə edib. O, bu təşkilatın parlament diplomatiyasının inkişafına və bu Konfransın mərkəzində duran məqsədlərə – sülh, beynəlxalq hüquqa hörmət, münaqişələrin sülh yolu ilə həlli və ümumi rifaha effektiv töhfə verə biləcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu məqsədlər bu gün xüsusilə aktualdır. Silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatını təhlükə altına qoyur, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir. Heç bir ölkə təkbaşına davamlı sülhü təmin edə bilməz və heç bir cəmiyyət təcrid şəraitində çiçəklənə bilməz.

Sülhün beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ardıcıl olaraq hörmət edilməli, mübahisələr dialoq, danışıqlar və digər sülh vasitələri ilə həll edilməlidir.

Videomüraciətində parlamentlərin bu prosesdə praktiki məsuliyyətinə toxunan spiker Sahibə Qafarova parlament diplomatiyasının bu gərginliyi azalda, inamı gücləndirə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verə biləcəyinə inamını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU