MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKIRƏ OLUNDU

Komitə iclasları
04 noyabr 2013 | 06:11   
Paylaşın:        

Noyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin  birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsi haqqında” qanun laihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olundu.
Əvvəlcə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsinə baxıldı. Sənəd  haqqında məlumat verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirdi ki, Fondun 2014-cü il büdcə layihəsinin tərtibi zamanı real iqtisadiyyatın növbəti ildəki inkişaf meylləri,  əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri, 2014-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri nəzərə alınıb.
Qeyd olundu ki, DSMF-nin 2014-cü il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur. Gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir.
Sədr müavini onu da dedi ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660,4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalarının 62,9 faizi və ya 1 milyard 120 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək DSMF-nun və 2014-cü ilin dövlət büdcəsinin layihələri barədə fikirlərini bildirdilər. 
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov 2014-cü ilin dövlət büdcəsi haqqında məlumat verdi. Əvvəlcə cari ilin 8 ayı ərzində dövlət büdcəsinin icrasından danışan nazir bildirmişdir ki, bu ilin dövlət büdcəsinin gəlirləri 106,1 faiz, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17,3 faiz çoxdur. Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93,3 faiz səviyyəsində, yəni 11 milyard 623 milyon manat icra olunub ki, bu da 2012-ci ili müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur.
Gələn ilin dövlət büdcəsi və növbəti 3 il üçün icmal büdcəsi barədə məlumat verən nazir dedi: “2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il Ümumi Daxili Məhsulun 5,2 faiz həcmində artırılması, qeyri-neft sektorunda ÜDM-in 10 faizlik artım sürəti əsas götürülmüşdür.  Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələlər kimi nəzərə alınacaqdır.”
Maliyyə naziri bildirdi ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1102,5 milyon manat çox nəzərdə tutulur. 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaqdır.
Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulub. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaqdır.
Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma praqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur.” “2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat proqnozlaşdırılmışdır. Büdcə glirlərinin qalan hissəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, və s. daxilolmalardan formalaşacaqdır.
Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaqdır. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. 
Qeyd olundu ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalmışdır. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalmışdır. Gələn ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur.
Samir  Şərifov sahibkarlığın inkişaf etdirilməsi, kənd təsərrüfatının inkişafı ilə məşğul olan fermerlərə mikro-kreditlərin verilməsi, ipoteka kreditləri, Avropa Olimpiya oyunlarının  və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan  vəsaitlə bağlı da ətraflı məlumat verdi.
Qeyd edildi ki, İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcəkdir. Xərclərin isə 24 milyard 444 milyon manat olacağı proqnozlaşdırılır.

Sonra  iclasda  2014-cü ilin büdcə  layihəsi ilə bağlı  Hesablama Palatasının rəyi  dinlənildi.
Ziyafət Əsgərov çıxış edərək bildirdi ki, gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuş artımlar, icmal büdcənin parametrləri bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafı ilə regionda liderliyini qoruyub saxlaya bilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yerli və regional layihələr Azərbaycanın dinamik inkişafı, beynəlxalq nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra deputatlar, müvafiq nazirliklərin nümayəndələri çıxış etdilər, büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirdilər.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU