MİLLİ MƏCLİSİN ALTI KOMİTƏSİNİN BİRGƏ İCLASINDA AZƏRBAYCAN RESPUBLİKASININ 2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
06 noyabr 2013 | 06:11   
Paylaşın:        

Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 6-da keçirilmiş birgə iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.
Parlamentin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev dövlət büdcəsi layihəsinin müzakirəsinin ölkənin həyatında mühüm hadisə olduğunu bildirdi. Diqqətə çatdırdı ki, gələn ilin dövlət büdcəsinin layihəsi qanunvericiliyə uyğun olaraq və dünyadakı proseslərin gedişi nəzərə alınaraq hazırlanıb və bütün tələblərə cavab verir. Layihədə bütün proqnozlar tam əsaslandırılıb. Ötən dövrlərdə olduğu kimi 2014-cü ilin dövlət büdcəsində də sosialyönümlülük və investisiyatutumluluq prioritet götürülüb ki, bu da davamlı inkişafa xidmət edən mühüm amildir.
Qeyd olundu ki, 2014-cü ilin dövlət büdcəsi layihəsinin fərqli cəhətlərindən biri də odur ki, burada bir neçə il sonrakı dövrün iqtisadi inkişafının əsaslandırılmış proqnozları öz əksini tapmışdır.
Şəmsəddin Hacıyev onu da bildirdi ki, gələn ilin büdcə layihəsini fərqləndirən əsas cəhətlərdən biri də neft və qeyri-neft gəlirlərinin nisbətinin dəyişməsidir. Belə ki, gələn ilin dövlət büdcəsinə neft sektorundan daxilolmaların azalması, qeyri-neft sektorundan isə daxilolmaların çoxalması proqnozlaşdırılır. Bu da ölkəmizin dinamik inkişafının göstəricisidir.
Şəmsəddin Hacıyev 2014-cü ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılacaq xərclərin əhəmiyyətli dərəcədə artırılacağını da diqqətə çatdırdı. 

Sonra Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 2014-cü ilin büdcə layihəsinin gəlir və xərcləri ilə bağlı ətraflı məlumat verdi.
Nazir bildirdi ki, 2014-cü ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən, növbəti ildə Ümumi Daxili Məhsulun 5,2 faizlik, qeyri-neft Ümumi Daxili Məhsulun 10,0 faizlik artım sürəti əsas götürülmüş, dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
  Növbəti il üçün müəyyən olunmuş büdcə-vergi siyasətinə uyğun olaraq dövlət büdcəsinin gəlirləri üzrə qeyri-neft gəlirlərinin, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv edilməsi  və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, şəhər və rayonlar üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işləri davam etdirmək prioritet vəzifə olaraq qarşıda durur.
2014-cü il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat çox  nəzərdə tutulur.
Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat artımla proqnozlaşdırılmışdır.
Nazir bildirdi ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert müəyyən edilmişdir ki, bu da 2013-cü illə müqayisədə 2,0 milyard manat və yaxud 17,7 faiz azdır.
Mütləq ifadədə dövlət büdcəsinin xərcləri müstəqilliyimiz dövründə hələlik ən yüksək həddə çatmaqla, 20 milyard 63 milyon manat olacaqdır ki, bu da 2013-cü ilə nisbətən 1,1 faiz və ya 213,0 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 2 milyard 647 milyon manat və yaxud 15,2 faiz çox deməkdir.
Qeyd olundu ki, 2014-cü il üçün dövlət büdcəsi xərclərinin strukturuna uyğun olaraq cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərin optimal hədləri müəyyən edilmişdir. 
Dövlət büdcəsi xərclərinin 10 milyard 882 milyon manatı cari xərclərə (2013-cü ilə nisbətən 887,0 milyon manat və ya 8,9 faiz çox), 8 milyard 401 milyon manatı əsaslı xərclərə (2013-cü ilə nisbətən 674,0 milyon manat və ya 7,4 faiz az), 781,0 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə (2013-cü il səviyyəsində) yönəldiləcəkdir.
Samir Şərifov məlumat verdi ki, Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin gəlirləri 21 milyard 986 milyon manat olmaqla, cari ilə nisbətən 1 milyard 257 milyon manat və ya 6,1 faiz çox, xərcləri 24 milyard 444 milyon manat məbləğində nəzərdə tutulmuşdur.
 İcmal büdcəyə aid olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 2 milyard 929 milyon manat təşkil edəcəkdir. Bu, 2013-cü ilə nisbətən 296,0 milyon manat və ya 11,2 faiz artım deməkdir.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 351,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2013-cü illə müqayisədə 5,4 faiz və ya 18,0 milyon manat çoxdur.
İclasda iştirak edən  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə,  Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlardan Abel Məhərrəmov, Asim Mollazadə, Çingiz Qənizadə, Qənirə Paşayeva, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Fəzail Ağamalı, Ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirdilər.
Sonra maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibətini bildirdi və büdcə layihəsinə göstərdikləri diqqətə görə deputatlara təşəkkür etdi.  
Sonda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU