MİLLİ MƏCLİSDƏ UŞAQLARIN İSTİRAHƏTİNİN TƏŞKİLİ HAQQINDA QANUN HAZIRLANIR

Komitə iclasları
07 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti  iclası  keçirildi. Komitədə yeni - “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
Komitə sədri Hadi Rəcəbli yeni hazırlanan qanun layihəsi  barədə ətraflı məlumat verərək bildirdi ki, sənəd uşaq  hüquqları ilə bağlı  dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmət göstərilməsinin qayda və şərtlərini, bu prosesin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Onun  sözlərinə görə uşaqların istirahəti sahəsində dövlət siyasətinin əsas prinsipləri irqindən, milliyyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın istirahət hüququnu özündə ehtiva  edir. Qanun  layihəsində  uşaq istirahət müəssisələrində təhlükəsizlik və sağlam mühitdə yaşamaq üçün əlverişli şəraitin yaradılması, fiziki və psixi sağlamlığın möhkəmləndirilməsi, uşaqların xaricdə istirahət etmək və asudə vaxtlarının təşkili məsələləri də əksini tapıb.
Komitə sədrinin müavini Musa Quliyev dövlət  tərəfindən bu sahəyə lazımı vəsaitin  ayrılmasının zəruriliyini qeyd etdi. Bildirildi ki, yeni qanun layihəsini hazırlayarkən 20 ölkənin təcrübəsindən istifadə olunub.
İclasda millət vəkilləri Əhliman Əmiraslanov, Rauf Əliyev, İlham Məmmədov, Elmira  Axundova çıxış  edərək  təkliflərini bildirdilər. Qeyd  olundu ki, uşaqların istirahətinin və asudə vaxtının təşkili üçün yeni istirahət mərkəzlərinin tikilməsi üçün şərait yaradılmalıdır.
İclasda  iştirak  edən  Səhiyyə  nazirinin müavini Elsevər  Ağayev çıxışında  qeyd  etdi ki, Azərbaycan uşaq hüquqları  haqqında konvensiyaya qoşulub və bu sənədin əsas tələblərindən biri uşaq hüquqlarının təminatıdır. Bu gün ölkədə uşaq hüquqlarının təminatı istiqamətində kifayət qədər işlər görülür və bu, beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Nazir  müavini yeni qanun layihəsinin uşaq hüquqlarının təminatı baxımından vacib sənəd olduğunu qeyd  etdi,  qanunun işlək olması üçün maliyyə tutumunun və dövlət dəstəyinin zəruriliyini  vurğuladı.
İclasın yekununda sənədin daha təkmil formada hazırlanması  üçün işçi qrupu yaradıldı. Hadi Rəcəbli bildirdi ki, 5 fəsil 25 maddədən ibarət olan yeni qanun  layihəsinin hazırlanması  üzrə  yaradılan  işçi qrupuna komitənin üzvü, millət  vəkili Sədaqət Vəliyeva rəhbərlik edəcək.
Sənəd müzakirələr zamanı səsləndirilən təkliflərin və bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması üçün işçi qrupuna həvalə edildi.

 

Milli  Məclisin
Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU