MİLLİ MƏCLİSDƏ ŞƏHƏRLƏRİN FORMALAŞMASI MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ
Noyabrın 8-də Milli Məclisdə "Şəhərlərin formalaşmasında hüquq bir alət kimi" mövzusunda dəyirmi masa keçirildi.
Milli Məclisin təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramı çərçivəsində baş tutan tədbirdə bu il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin icrası ilə bağlı məruzələr təqdim olundu, müzakirələr aparıldı.
İclası aparan Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirdi ki, son 10 ildə ölkəmizdə sürətli hüquqi islahatlar həyata keçirilib, müxtəlif sahələri əhatə edən lazımlı qanunlar hazılanaraq qəbul olunub. Həmin sənədlərdən biri də bir il qabaq qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsidir. Məcəllənin hazırlanması prosesinə xarici mütəxəssilər cəlb olunmuşdu, dünya ölkələrinin bu sahədəki qabaqcıl təcrübəsi öyrənilmişdi. İndi isə məcəllənin icrası sahəsində müəyyən proseslərin tənzimlənməsi üçün xarici mütəxəssislərlə birgə geniş araşdırmalar aparılır. O, məcəllənin icrasında ictimaiyyətin iştirakının, xüsusilə də ərazi planlaşdırmasında ictimaiyyətin marağının nəzərə alınmasının mühüm olduğunu dedi.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser Şəhərsalma və Tikinti Məcəlləsinin modern qanunlardan biri olduğunu dedi, sənədin tam və uğurlu icrası üçün vacib olan məsələləri diqqətə çatdırdı.
Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması prosesində Almaniyada hüququn tətbiqi təcrübələrindən danışan Almaniyanın Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberger sənədin sadə qaydalara əsaslandığını, Azərbaycanın mövcud şəraitinə uyğun olduğunu dedi.
İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun “Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması hissəsinin icrası ilə bağlı mövcud vəziyyət və bu zaman meydana çıxan problemlər”, Almaniyanın Mərkəzi Yuxarı Reyn Regional Birliyinin icraçı direktoru Qerd Haqerin “Tikinti planlaşdırılması hüququnun həyata keçirilməsi üçün zəruri olan struktur, kadr siyasəti və peşəkar şərtlər” mövzusunda məruzələri dinlənildi.
Tədbirdə həmçinin Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Ali və Appelyasiya məhkəmələrinin hakimləri, şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, Almaniyadan olan mütəxəssilər çıxış edərək rəy və təkliflərini bildirdilər.
Milli Məclisin
Mətbuat xidməti