Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıldı

Tədbirlər
13 noyabr 2013 | 09:11   
Paylaşın:        

Noyabrın 12-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda baş nazir Artur Rəsizadənin iştirakı ilə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin  və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanıldı.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə 12 noyabr – Konstitusiya Günü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu il Azərbaycan xalqının tarixində çox əlamətdar bir il olmuşdur. Azərbaycanda prezident seçkiləri keçirilmiş, xalqımızın böyük oğlu İlham Əliyev çox böyük, parlaq qələbə qazanmışdır və Azərbaycan öz parlaq gələcəyinə doğru irəliləməkdə davam edir.
Çox əlamətdar hadisədir ki, Prezidentin andiçmə mərasimi də Milli Məclisdə keçirildi və biz dövlətimizin başçısının təqdimatına əsasən Baş nazirin də təyinatına razılıq verdik. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra Hökumət üzvləri ilk dəfədir ki, Milli Məclisin iclasında iştirak edirlər.
Milli Məclisin Sədri hökumətin bütün üzvlərini səmimi qəlbdən təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.  
Daha sonra Oqtay Əsədov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət  büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata və ya 25,6 milyard ABŞ dollarına çatmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmışdır. Dövlətimizin başçısının da söylədiyi kimi, “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.
Sədr vurğuladı ki, müzakirəyə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycanın bugünkü inkişaf səviyyəsini və sosial-iqtisadi həyatımızın reallıqlarını əks etdirir. Layihə kütləvi informasiya vasitələrində dərc olunmuş və geniş ictimaiyyətin müzakirəsinə verilmişdir.
Qeyd olundu ki, Hesablama Palatası büdcə zərfi barəsində rəyini bildirmişdir. Dövlət büdcəsinin layihəsi və digər sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Büdcə sənədlərindən göründüyü kimi, 2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə Ümumi Daxili Məhsul istehsalının 55 milyard manat və yaxud da 70 milyard dollar həcmində olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Hökumət gələn il üçün bu göstəriciləri müvafiq olaraq 58,6 milyard manat və  ya 75 milyard dollar və 5,2 faiz həcmində proqnozlaşdırır.
Milli Məclisin Sədri çıxışına yekun vuraraq bildirdi ki, sadalanan məqsədlərə, əsasən iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı hesabına nail olunmalıdır. Cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnozlaşdırılan 10 faizlik artım bunu söyləməyə əsas verir.
Daha sonra layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə hazırlanarkən Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsas götürülmüşdür. Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması meylləri qorunub saxlanılacaqdır. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə olan göstəricilərdən yüksək olacaqdır. Bu meylin davam etməsi ölkəmizə yaxın gələcəkdə iqtisadi inkişafına görə inkişaf etmiş ölkələr səviyyəsinə qalxmağa imkan verəcəkdir.
Komitə sədri bildirdi ki, Azərbaycanın Dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80 faizi  Azərbaycanın payına düşür.
Sonra maliyyə naziri Samir Şərifov cari ilin büdcə proqnozlarının icrası, eləcə də 2014-cü ilin dövlət büdcəsinin və icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verdi.
Nazir dedi ki, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106,1 faiz, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur.
Cari ilin 8 ayında dövlət büdcəsinin xərcləri isə 93,3 faiz səviyyəsində, yəni 11 milyard 623 milyon manat icra olunmuşdur. Bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur.
Gələn ilin dövlət və icmal büdcə gəlirləri hesablanarkən 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələlər kimi qəbul edilmişdir.
Maliyyə naziri qeyd etdi ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat nəzərdə tutulmuşdur. 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaqdır. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox nəzərdə tutulmuşdur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulmuşdur. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azaldılacaqdır.
Gələn ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur.
Gələn ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat proqnozlaşdırılmışdır.
Qeyd olundu ki, dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla  20 milyard 63 milyon manat olacaqdır. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Nazir vurğuladı ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalmışdır.
Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə saxlanılmışdır. 2014-cü ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur.
Nazir bildirdi ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat, ipoteka kreditləri üçün isə 40 milyon manat vəsait ayrılacaqdır.
Qeyd olundu ki, Avropa Olimpiya oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaqdır. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
Gələn ilin dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində proqnozlaşdırılmışdır.
Samir Şərifov onu da bildirdi ki, icmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcəkdir. Xərclər isə 24 milyard 444 milyon manat nəzərdə tutulmuşdur.
2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5,2 faizlik, qeyri-neft ÜDM-in isə 10 faizlik artım sürəti əsas götürülmüşdür.
 Gələn ildə sosial müdafiə və sosial təminatlı xərclərin 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərclərinin 13,9 faiz, elm xərclərinin 12,5 faiz, səhiyyə xərclərinin 8,4 faiz, təhsil xərclərinin 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərclərinin 7,5 faiz, müdafiə xərclərinin 7 faiz, iqtisadi fəaliyyət xərclərinin 19 faiz, nəqliyyat və rabitə xərclərinin 8,7 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin isə 14 faiz artımı proqnozlaşdırılır.
Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 milyard  manat ayrılacaq ki, bu da cari illə müqayisədə 65 milyon manat çoxdur.
Nazir bildirdi ki, 2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır.
Bu proqnozlar göstərir ki, ölkədə 2020-ci ilədək qarşıya qoyulan hədəflərə nail olunacaqdır. Dünyada davam edən böhran fonunda Azərbaycandakı makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapmışdır.
Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək bəzi göstəricilərlə bağlı məlumat verdi. O dedi ki, yaxın illərdə neft-qaz sektoruna nisbətən qeyri-neft sektorunda stabil inkişaf müşahidə ediləcəkdir. Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5,2 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5,5 faiz təşkil edəcəkdir.
Nazir müavini qeyd etdi ki, bu dövrdə ölkə istisadiyyatının artımı qeyri-neft sektorunun dinamik inkişafı ilə səciyyələnəcəkdir. Neft hasilatı proqnozlaşdırılan dövrdə orta hesabla 40,5 milyon ton, qaz hasilatı laylara vurulanlar da nəzərə alınmaqla 27,4 milyard kubmetr səviyyəsində olacaqdır. Qeyri-neft sektorunun isə 2014-cü ildə 10 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faizən çox atması gözlənilir. Nəticədə 2017-ci ildə ÜDM-in 72 faizdən çoxu məhz qeyri-neft sektorunda formalaşacaqdır.
Sevinc Həsənova əlavə etdi ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş və 1 barrel neftin qiyməti gələn il üçün 100 ABŞ dolları, növbəti 3 il üçün isə stabil olaraq 80 dollar qəbul edilmişdir.
Növbəti illərdə də manatın məzənnəsinin cari sabitliyinin saxlanılması nəzərdə tutulmuşdur və inflyasiya tempi 3-4 faiz ətrafında proqnozlaşdırılmışdır.
Sonra Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov gələn ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyini açıqladı. Bildirdi ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən bütün standartlara əməl olunmuş, proqnozlar elmi əsaslara söykənir.
Daha sonra büdcə layihəsi ətrafında geniş müzakirələrə başlandı. Deputatların qeyd və təklifləri dinlənildikdən sonra müzakirələrin noyabrın 13-də davam etdirilməsi qərara alındı.   

 

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU