İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 13-də Milli Məclisin İqtisadi siyasət komitəsində yeddi məsələyə baxıldı.
Gündəlikdəki məsələlər barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikləri, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəaları şərh etdi. Məcəlləyə əlavə olunan vergi yoxlamasına dair 38.3.9-cu maddədən bəhs etdi. Layihəyə görə, vergi yoxlamasının nəticəsi ilə razılaşmayan vergi ödəyiciləri yazılı şəkildə müraciət edərək növbədənkənar səyyar vergi yoxlaması tələb etdikdə əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxslər bu yoxlamanı apara bilməzlər. Layihə məqbul sayıldı.
Sonra iclasda gündəlikdəki digər qanun layihələri deputatlara təqdim olundu. Bildirildi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əlavə edilən 9.5-ci maddəyə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir. Deputatlar qanunvericiliyin təkmilləşməsi baxımından bu dəyişiklikləri əhəmiyyətli hesab etdilər.
Komitə üzvləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə də müsbət yanaşdılar.
İclasda “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, həmçinin “Patent haqqında” qanunlarda dəyişikliklər edilməsi də məqsədəuyğun sayıldı.
Komitədə müzakirəyə çıxarılmış layihələrin yeddisi də Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti