MİLLİ MƏCLİSDƏ 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLİR

Tədbirlər
14 noyabr 2013 | 11:11   
Paylaşın:        

Noyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun  sədrliyi  ilə keçən plenar iclasda “Azərbaycan Respublikası 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin  müzakirəsi davam  etdirildi.
Çıxış  edən  deputatlar - Elton Məmmədov, Qənirə Paşayeva, Musa  Quliyev, Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Vahid Əhmədov, İqbal Ağazadə, Xanhüseyn Kazımlı, Eldar İbrahimov, Abel Məhərrəmov, Çingiz Qənizadə bildirdilər  ki, 2014-cü ilin dövlət büdcəsi ölkənin bütün prioritet sahələrinə ayrılan vəsaitlərin artırılmasına, ölkənin iqtisadi qüdrətinin daha da gücləndirilməsinə, iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsinə çatdırılmasına, müxtəlif iri həcmli proqram və layihələrin reallaşdırılmasına maliyyə təminatı yaradacaq. Millət vəkilləri ölkəmizin büdcə siyasəti və 2014-cü ilin dövlət büdcə proqnozları barədə  danışdılar. Qeyd olundu ki, təqdim olunan maliyyə sənədləri növbəti ildə də ölkənin siyasi, iqtisadi, sosial sahələrdə irəliyə doğru addımlar atacağını göstərir. Layihədə makro-iqtisadi sabitlik qorunub.  Büdcənin müsbət xarakterik cəhətlərindən biri də onun neftdən asılılığının azaldılması, vergi siyasəti üzrə formalaşmasıdır. Belə ki, Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 15,9 faiz artımla proqnozlaşdırılıb.  2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur. Bu da bu ilin proqnozu ilə müqayisədə 11 faiz çoxdur. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 510 milyon manat gəlir proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur. Dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiymətinin 100 dollar səviyyəsində götürülməsi də məqbul sayıldı.
Çıxışlarda  qeyri-neft sektorunda daha çox gəlir gətirə biləcək sahələr üzrə təhlillər aparılması təklif olundu. Büdcənin daha bir müsbət cəhətinin yerli xərclərini öz gəlirləri hesabına ödəyəcək şəhər və rayonlaırn sayının getdikcə artmasının olduğu bildirildi. Bildirildi ki, 2014-cü ildə Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonu da dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımından yararlanmadan yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəklər. Millət vəkilləri təhsil, müdafiə, səhiyyə, elm sahələrində inkişafa xidmət  edəcək bəzi təkliflər səsləndirdilər. Büdcə layihəsinə Hesablama Palatasının verdiyi rəy müsbət qiymətləndirildi. 
Fasilədən  sonra deputatlardan Sahibə  Qafarova, Elmira  Axundova, Asim Mollazadə, Bəxtiyar Əliyev çıxış  edərək  qeyd  etdilər ki,  gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini və uzun illərdir həyata keçirilən proqramlar çərçivəsində görülən işlərin davamını şərtləndirir. Büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanlar çərçivəsində hazırlanması bir daha göstərir ki, ölkəmizdə düzgün büdcə siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi inkişaf modeli Azərbaycanın son illər davamlı yüksəlişini təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Qeyd olundu ki, gələn ilin dövlət büdcəsi mükəmməl hazırlanıb, tam real iqtisadi proqnozlara və rəqəmlərə əsaslanır.
İclasda Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov çıxış edərək ölkədə həyata keçirilən pul-kredit siyasətinin müsbət nəticələri və iqtisadiyyatın intensiv inkişafının bu siyasətə təsiri barədə ətraflı məlumat verdi.  O, dedi: “XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş iqtisadiyyatımız cari ildə dinamika və sabitlik nümayiş etdirib. Son 10 ildə milli iqtisadiyatımız 3,4 dəfə artaraq 70 milyard ABŞ dollarına çatıb. Təkcə  neft  sektoru deyil,  qeyri-neft sektorunun inkişafında  da 3 dəfə artım müşahidə olunur. Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib. 2003-cü ildə adambaşına düşən ÜDM 3 min 150 dollar idisə, bu rəqəmin cari ildə 11 min dollara yaxın olacağı  gözlənilir. Bununla, ölkə son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr sırasına daxil olub. Bu dövrdə ölkənin tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profistə qədər yüksəlib”.
Elman Rüstəmov onu da qeyd etdi ki, strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. İşsizlik səviyyəsi 5,1 faizə endirilib. Yoxsulluq 8 dəfə azalıb. Azərbaycan 1563 ölkə arasında yoxsulluğun ən aşağı olduğu 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, Azərbaycan dünyada ilk 25-ci sırada qərarlaşıb. Ölkəmiz makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasından ilk səkkizlikdə yer  tutur. O, vurğuladı ki, son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollardan 24 milyarda çatıb. Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə, əmanətlər 17 dəfə artaraq 6 milyard manatı ötüb. Ölkədə 3 milyondan çox əmanətçi var. Cari ildə sovet dövründən qalan əmanətlərin qaytarılması davam etdirilib. 2013-ci ilin oktyabr ayının əvvəlinə 1,6 milyondan çox əmanət hesabı üzrə 6 yüz milyona yaxın vəsait ödənilib. Cari ildə bank aktivlərinin artımı davam edir. Regionlara yönəlmiş kreditlərin həcmi daha da sürətlə artır. Bu rəqəm  təxminən 30 faizdən artıqdır. Elman Rüstəmov çıxışı zamanı onu da bildirdi ki, ötən 10 ildə dövlət büdcəsi 19 dəfə artıb. Milli iqtisadiyyatımız 3,4 dəfə artıb. Büdcəmiz bu dövrdə milli iqtisadiyyatımızı təxminən 6 dəfə üstələyib. Manat artıq stabillik statusu qazanıb. Çıxışında ipoteka siyasətindən də danışan Milli Bankın Sədri qeyd etdi ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir. Yeni ipoteka strategiyası hazırlanıb. İpoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması cəmiyyətin tələbidir. Yaxın vaxtlarda hazır olan  strategiyanın müzakirəsinə başlanılacaq.
Müzakirələr zamanı deputatlardan Aqiyə Naxçıvanlı, Ceyhun Osmanlı, Mirkazım Kazımov, Əhliman Əmiraslanov, Yevda Abramov, Azər Badamov, Gövhər  Baxşəliyeva  çıxış edərək bildirdilər ki, büdcə layihəsi həmişəki kimi peşəkar komanda tərəfindən hazırlanıb. Qeyd edildi ki, bu gün Azərbaycanın  inkişafının əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata  keçirilməsidir. Bu gün ölkəmizdə hökumətin apardığı  siyasət  xalq  tərəfindən dəstəklənir. İqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə və  sosial vəziyyətlərinə  cavab verir. Millət vəkilləri elm və təhsil sahəsinə ayrılan vəsaitlərin artırılmasının vacibliyini də söylədilər.
Deputatların qeyd və təklifləri dinlənildikdən sonra müzakirələrin noyabrın 14-də davam etdirilməsi qərara alındı.   


Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU