BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Noyabrın 14-də Milli Məclis “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ötən iki gün ərzində gələn ilin dövlət büdcəsi parlamentdə geniş müzakirə olunub, 43 deputat və 4 nəfər hökumət üzvü çıxış edərək rəy və təkliflərini diqqətə çatdırıblar. Bu gün müzakirələr davam edəcək.
İclasda çıxış edən deputatlar Sabir Rüstəmxanlı, Fuad Muradov, Eldar Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Muxtar Babayev, Sahib Alıyev, İlyas İsmayılov, Şəmsəddin Hacıyev və İsa Həbibbəyli 2014-cü ilin büdcəsini yüksək dəyərləndirdilər. Layihə real və təminatlı sənəd adlandırıldı. Qeyd olundu ki, müstəqillik dövründə dövlət büdcəmizin təxminən 70 dəfə artması Azərbaycan dövlətinin qüdrətinin, aparılan məqsədyönlü siyasətin uğurlu nəticəsinin göstəricisidir. Səslənən təkliflərdə potensial resurslar hesabına ölkədə vergi ödəyicilərinin artırılması, yeni yaranan müəssisələrin qeydiyyatının sadələşdirilməsi, yerlərdə tarix və mədəniyyət abidələrimizin qorunması və turizmin inkişafına xidmət etməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda təhsil ala bilməsi üçün fond yaradılması, tələbələrin yataqxana probleminin həlli, kənd təsərrüfatı məhsulları üçün saxlama yerlərinin inşası, vətəndaşların mənzil probleminin həlli, Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqların evlə təmin olunması və s. kimi mühüm məsələlər önə çəkildi.
Beləliklə, üç gün davam edən müzakirələrdə gələn ilin dövlət büdcəsi barədə 54 deputatın rəy və təklifləri dinlənildikdən sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə qaldırılmış məsələlərə münasibət bildirdi. Parlamentdə aparılan səmərəli müzakirələrə, Azərbaycan cəmiyyətinin və iqtisadiyyatının aktual məsələlərinə dair çoxsaylı təkliflərinə görə parlament rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirən nazir müavini Milli Məclisdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, diversifikasiyanın daha da sürətləndirilməsi və real sektora daha çox gəlir gətirən istehsal sahələrinə diqqətin artırılması kimi məsələlərə toxunulmasını xüsusi qeyd etdi. Dövlətin bu sahəyə diqqətinin bariz nümunəsi kimi “Azərbaycan 2020. Gələcəyə baxış” inkişaf konsepsiyasından söz açdı. Qarşıdakı hədəflərimizin ölkədə qeyri-neft sektorunun inkişafı olduğunu deyən Sevinc Həsənova məlumat verdi ki, Azərbaycan indiyədək öz iqtisadiyyatını 3 dəfədən çox artırıb, qarşıdakı 10 ildə daha 2 dəfə artırmağı nəzərdə tutur.
Nazir müavini Azərbaycanda keyfiyyətli insan kapitalının yaradılması üçün görülən işlərdən, xaricdə təhsil almağa göndərilən gənclərdən bəhs etdi. Makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin təkmilləşdirilməsi, vergi yükünün azaldılması, kənd təsərrüfatının stimullaşdırılması, nəqliyyat sektorunun inkişafı, su-kanalizasiya sisteminin yenilənməsi sahəsində həyata keçirilən layihələrdən danışdı.
Bildirildi ki, son 10 ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı sayəsində ixrac imkanlarımız xeyli artıb. Əgər 2003-cü ildə Azərbaycandan 1218 adda məhsul ixrac olunurdusa, 2012-ci ildə 2273 adda məhsul ixrac olunub. Bu inkişaf özünü idxal edilən məhsulların həcmində də göstərib. Xüsusilə yeyinti məhsullarının idxalında ciddi azalma müşahidə olunur. Belə ki, ət məhsullarının idxalı 30 faiz, süd məhsullarının idxalı 25 faiz, taxıl və un məhsullarının idxalı 89 faiz azalıb.
Sevinc Həsənova 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülmüş işlər barədə də deputatlara ətraflı məlumat verdi.
Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 2014-cü il dövlət büdcəsi zərfinə daxil olan digər qanun layihələrini müzakirəyə çıxardı.
Öncə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsini təqdim etdi. O bildirdi ki, gələn il üçün fondun gəlirləri 2 milyard 928 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 295 milyon 800 min manat və ya 11,2 faiz çoxdur. Proqnoza görə, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Komitə sədri bəzi rəqəmləri müqayisəli şəkildə təhlil edərək insanların sosial rifahının yaxşılaşdırılması sahəsindəki uğurları qeyd etdi.
Həmin qanun layihəsi barədə ətraflı məlumat verən DSMF sədrinin müavini Elman Mehdiyev Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial yönümlü iqtisadi siyasət və çevik islahatlar sayəsində qazanılan nailiyyətlərdən söz açdı. Bildirdi ki, məhz uğurlu siyasət nəticəsində cari ilin 10 ayı ərzində DSMF-in gəlirləri 2 milyard 208 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz və ya 83 milyon manat çoxdur. Həmin dövrdə sosial sığorta gəlirləri əvvəlki illə müqayisədə 12 faiz artaraq 1 milyard 253 milyon manata çatıb. Daxilolmaların 57 faizi və ya 796 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 15,6 faiz çoxdur və proqnozun 115 faiz icra edildiyini göstərir.
Cari ilin 10 ayı ərzində DSMF-in xərcləri 2 milyard 119 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Parlamentdə “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, son 3 ildə bu rəqəmin artması istiqamətində müsbət dinamika müşahidə edilir, gələn il üçün ölkə üzrə yaşayış minimumu 125 manat səviyyəsində müəyyənləşdirilib. Müzakirə zamanı Hadi Rəcəbli nəzərə çatdırdı ki, əgər 2008-ci ildə bu rəqəm 70 manat idisə, indi işləyənlər üçün 136 manata çatıb.
İclasda “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə də baxıldı. Gələn il üçün ehtiyac meyarının 100 manat həddində müəyyənləşdirildiyi bildirildi.
Büdcə zərfinə daxil olan bu üç qanun layihəsinin müzakirəsində deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Elmira Axundova, Qüdrət Həsənquliyev, Azay Quliyev, Ceyhun Osmanlı rəy və təkliflərini bildirdilər. Müxtəlif təyinatlı, o cümlədən hamiləliyə, doğuşa və uşağa görə verilən müavinətlərin məbləğinin artırılması, əhalinin rahatlığının təminatı üçün rayon yerlərində yetərincə bankomatların quraşdırılması vacibliyi, büdcəyə qənaət edilməsi üçün idarəetmə sahəsində paralel strukturların aradan qaldırılması məqsədəuyğun hesab olundu.
Daha sonra Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev “Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” məlumat verdi. O bildirdi ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün büdcədə 19 milyon 102 min 998 manat nəzərdə tutulub.
Müzakirə zamanı büdcə zərfinə daxil olan qanun layihələrinə münasibət bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradova deputatların və deputat köməkçilərinin fəaliyyəti barədə öz fikirlərini açıqladı.
Sonra Milli Məclis “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qurumun sədr müavini Adil Məhərrəmovun məlumatını dinlədi. O bildirdi ki, layihədə bu məqsədlə büdcədən 3 milyon 634 min manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 2,3 faiz çoxdur və Hesablama Palatasının 2014-cü ildə səmərəli fəaliyyəti üçün kifayət edir.
Bununla da parlamentdə 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdı. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, parlamentin üç gün davam edən iclaslarında 2014-cü ilin dövlət büdcəsi və digər qanun layihələri geniş müzakirə olunub. Hökumət bu iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirdikdən sonra büdcə zərfi yenidən parlamentə qaytarılacaq. Maliyyə naziri Samir Şərifov deputatların çıxışlarına, təkliflərinə hökumətin münasibətini açıqlayacaq. Yekunda Milli Məclis səsvermə yolu ilə büdcə zərfinə daxil olan sənədlərə münasibət bildirəcək.
Milli Məclisin
Mətbuat xidməti