TÜRKPA-nın səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

Noyabrın 19-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “TÜRKPA-ya üzv dövlətlərin parlamentləri arasında rəqəmsal səhiyyənin inkişafı və səhiyyədə süni intellektin tətbiqi” mövzusunda videokonfrans formatında səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib.
İclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov rəqəmsallaşma və süni intellektin tibbi xidmətlərin keyfiyyətinin artırılması, xəstəliklərin erkən aşkarlanması və səhiyyə resurslarından səmərəli istifadə baxımından əhəmiyyətini vurğulayıb. Komitə sədri Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı istiqamətində həyata keçirilən layihələrdən və elektron səhiyyə xidmətlərinin genişləndirilməsi sahəsində görülən işlərdən bəhs edib. O, süni intellekt texnologiyalarının tibbi görüntülərin təhlili, onkoloji və ürək-damar xəstəliklərinin erkən aşkarlanması, eləcə də risk qruplarının müəyyən edilməsi baxımından geniş imkanlar yaratdığını bildirib. Əhliman Əmiraslanov süni intellektin həkim fəaliyyətini əvəz edən deyil, ona dəstək göstərən vasitə kimi tətbiqinin, şəxsi tibbi məlumatların qorunmasının və kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib. Bu sahədə TÜRKPA-ya üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə Qazaxıstan Respublikası Qurultayının Sosial və mədəni inkişaf komitəsinin sədri Asxat Aymaqambetov, Qırğız Respublikasının Joqorku Keneşinin Əmək, səhiyyə, qadın və sosial məsələlər komitəsinin sədri Gülkan Moldobekova, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Vedat Bilgin, TÜRKPA Baş katibinin müavini Saulekul Saylauqızı və digər rəsmi şəxslər çıxış edərək rəqəmsal səhiyyənin inkişafı, səhiyyə sahəsində süni intellekt texnologiyalarının tətbiqi və üzv dövlətlər arasında bu istiqamətdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

