İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.
İclasda öncə “Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinə dair rəy haqqında” məsələyə baxıldı. Komitə üzvləri bu namizədliyi məqsədəuyğun saydılar.
Sonra iclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri İbrahim Babayev “Akkreditasiya haqqında” qanun layihəsini deputatlara təqdim etdi. Bildirildi ki, yeni qanun ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsini, ticarətdə texniki maneələrin qarşısının alınmasını, həmçinin Azərbaycanda verilən sertifikatın, sınaq, kalibirlənmə və inspeksiya hesabatlarının ölkəmizin ərazisindən kənarda tanınmasını tənzimləyəcək. Milli akkreditasiya sisteminin müvafiq beynəlxalq sistemə uyğunlaşması məqsədi ilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qaydalarının, prinsiplərinin və ona nəzarətin əsaslarını müəyyənləşdirəcək.
Layihəyə dair rəy və təkliflərini bildirən deputatlar I oxunuşda müzakirəyə çıxarılmış sənədi konseptual baxımdan məqbul saydılar. İclasda millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirildi. 4 fəsil, 13 maddədən ibarət yeni qanun layihəsi Milli Məclisə tövsiyə olundu.
Gündəlikdəki üçüncü məsələni şərh edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə görə, ümumtəhsil müəssisələri üçün dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunur.
Hər üç məsələnin müzakirəsində deputatlar Vahid Əhmədov, Əli Məsimli, Arif Alışanov, Xanhüseyn Kazımlı, Ağalar Vəliyev, Cavid Qurbanov, Çingiz Əsədullayev fikirlərini bildirdilər.
Yekunda komitədə müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti