MİLLİ MƏCLİSİN İCLASINDA 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ
Noyabrın 22-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatların əksəriyyəti çıxış etmiş, bir sıra rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək 2014-cü ilin dövlət büdcəsi layihəsinə edilən dəyişiklikləri deputatların diqqətinə çatdırdı.
Bildirildi ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatlar qeyri- neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınmaların qarşısının alınması, əhalinin maddi-rifah halının yaxılaşdırılması, ölkəmizin müdafiə potensialının daha da gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət sahələri üçün əlavə büdcə vəsaitlərinin cəlb edilməsi, sənaye və aqrar sektorlara dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, kommunal sahədə islahatların aparılması, bələdiyyələrin fəaliyyətinin artırılması barədə təkliflər səsləndirmişlər. Eyni zamanda, millət vəkilləri tərəfindən ölkəmizdə sosial, sənaye, emal, yol, qaz, su-kanalizasiya, kənd təsərrüfatı infrastrukturunun tikintisi və əsaslı təmiri, vəsaitlərdən istifadəyə nəzarətin artırılması barədə təkliflər irəli sürülmüşdür. Hökumət həmin təklifləri təhlil etmiş, bəzilərini müsbət qarşılamış və dövlət büdcəsinin gəlir və xərclər hissəsinə dəyişikliklər olunmuşdur. Həll olunmayan məsələlər isə Hökumətin diqqətində saxlanılır və növbəti illərdə həll ediləcəkdir.
Nazir bildirdi ki, 2014-cü ilin dövlət büdcəsi balanslaşdırılmış bir büdcədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti növbəti ildə də həyata keçirmək üçün zəmin yaradacaqdır.
Sonra 2014-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihələri səsə qoyularaq təsdiq edildi.
Sonra deputatlar H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsinə və V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsinə razılıq verdilər.
İclasda "İctimai iştirakçılıq haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Layihəni təqdim edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirdi ki, qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.
4 fəsil, 20 maddədən ibarət olan yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.
Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.
Sonra deputatlar “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişləri, həmçinin “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələləri səsə qoyaraq təsdiq etdilər.
İclasda Mülki, İnzibati Xətalar, Vergi məcəllələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunlara və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edildi.
Millət vəkilləri Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında qanun layihəsini də səsə qoyaraq qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti