Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi
Fevralın 14-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. Cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibət bildirdi.
Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki birinci məsələ - namizədliyi ölkə Prezidenti tərəfindən növbəti müddətə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunmuş Alim Quliyev, Aftandil Babayev və Vadim Xubanov haqqında deputatlara məlumat verdi. Bildirdi ki, hər üç namizəd uzun müddətdir ki, bank sistemində çalışır və bu sahədə zəngin təcrübəyə malikdirlər.
Deputatlar səsə qoyaraq hər üç şəxsin namizədliyini təsdiqləndilər.
Gündəlikdəki ikinci məsələ - “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məlumat vermək üçün ədliyyə nazirinin müavini Vilayət Zahirova söz verildi. Nazir müavini bildirdi ki, dövlət müstəqilliyinin 20 ili ərzində ölkəmizdə çoxsaylı siyasi, sosial, iqtisadi uğurlarla yanaşı, yerli özünüidarəetmənin həyata keçirilməsi yönündə də önəmli nailiyyətlər əldə edilib. Dövlətimiz yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm baza yaradıb.
Məruzəçi diqqətə çatdırdı ki, il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə vətəndaşlardan və ayrı-ayrı qurumlardan 2387 müraciət daxil olub. Bunlardan 1693-nə əsaslandırılmış cavablar verilib, 28-i təmin edilib, 49 müraciət əsasında inzibati nəzarət qaydasında araşdırma aparılıb. Müraciətlərə baxılarkən aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilib.
2011-ci ildə bələdiyyələrin qəbul etdikləri 31 min 974 akt ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilib ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çox olub. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Deputatların diqqətinə çatdırıldı ki, fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 15-i üzrə cinayət işi başlanıb, qalanları isə baxılma mərhələsindədir. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilib, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilibdir. Başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır. Halbuki torpaqlardan səmərəli istifadə olunması yerli büdcənin gəlirlərinin artırılmasının əsas qaynaqlarından biri ola bilər.
Məruzə dinlənildikdən sonra deputatlar çıxış edərək təklif, irad və qeydlərini bildirdilər. Çıxış edən deputatlar bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində Bələdiyyələrlə İş Mərkəzinin rolunu yüksək qiymətləndirdilər. Müzakirələrdən sonra məruzə səsə qoyularaq nəzərə alındı.
Axşam iclasında deputatlar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişikliklər etdilər. Qeyd olundu ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.
Sonra "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verdi ki, müzakirə olunan sənəd ölkə Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı İnsan hüquqlarının daha səmərəli qorunmasına dair milli fəaliyyət planının həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir.
Qeyd olundu ki, qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsinə yönəlib. Layihədə şəxsin tutulmasının əsasları, onun təhlükəsizliyi, hüquqları, maddi, tibbi təminatı və digər məsələlər öz əksini tapıb. Sənəddə həbs yerlərində daxili intizam qaydaları, müdiriyyətin vəzifələri müəyyən edilib. Layihədə həmçinin yetkinlik yaşına çatmayanların və qadınların saxlanılması barədə ayrıca maddələr var.
Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihəsinin Avropa standartlarına cavab verdiyini diqqətə çatdırdılar, bu sənədi insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm addım kimi dəyərləndirdilər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti